Müalicə məqsədilə razyana bitkisinin toxumlarından və yarpaqlqrından istifadə edilir. Toxumları yüngül əzilərək suda dəmlənir və ya qaynadılır. Razyana toxumlarından bir çox ölkələrin xalq təbabətində istifadə edilir.
Medicina.Az xəbər verir ki, razyananın tərkibində kalium, sodium, kalsium, maqnezium və fosfor başda olmaqla bir çox faydalı maddələr var. Bundan başqa razyanaın tərkibi A və C vitamini ilə zəngindir. Yarpaqları da bir çox xəstəliklərə dərman olduğuna görə razyana şəfalı bitkilər sırasında ön yerlərdən birini tutur. Onun yarpaqlarını və toxumlarını qurudaraq ilin bütün fəsillərində istifadə etmək olur.
Razyanadan tibb sahəsində aşağıdakı xəstəlikləri müalicə etmək məqsədilə istifadə edilir:
- bronxit
- ağciyər xəstəlikləri
- öskürmə
- meteorizm
- qəbizlik
- göz xəstəlikləri
- müxtəlif viruslar
- xolesterol
- qan azlığı
- soyuqdəymə
Razyana dəmləməsi öskürək əleyhinə təsir göstərir, bronxlar və ağciyərlərdə olan bəlğəmi yumşaltmaq və tökdürmək qabiliyyətinə malikdir. Tərkibində çoxlu lifli maddələr olduğuna görə isə mədə-bağırsağın işini asanlaşdırır və bağırsaqların rahat işləməsinə köməklik göstərir. Tərkibindəki liflərin sayəsində razyana bitkisi ürək-damar xəstəlikləri zamanı, damar daralmasının qarşısını almaq qabiliyyətinə sahibdir.
Tərkibində olan antioksidantlara görə razyana soyuqdəymənin qarşısını alır, virus və bakteriyalara qarşı qoruyucu rol oynayır. Razyana dəmləməsindən gözlərə kompres kimi istifadə etmək, gözlərdə olan yorğunluğu aradan qaldırır. Qədim Yunan əfsanələrində ilanların öz gözlərini razyana bitkisinə sürtərək rahatlıq tapdıqları haqqında çox yazılıb.
Razyana qazqovucu xüsusiyyətə malik olmaqla yanaşı, qaz əmələ gəlməsinin da qarşısını alır, qırmızı qan hüceyrələrini artırır.