XXI əsrin ən böyük bəlalarından biri də narkomaniyadır. Bu bəlaya mübtəla olan insanlar üçün narkotik maddələr ilk dövrlərdə həzz mənbəyi olsa da, sonradan həyatlarının kabusuna çevrilir. Əksər hallarda belə insanların son sığınacağı narkoloji dispanserlər olur. Bakıda və iri şəhərlərdə belə mərkəzlər olsa da , rayonlarda yaşayanların bu mərkəzlərə bağlanan ümidləri puça çevrilir. Narkotik aludəçisi sağalmaq istəsə belə, dərdinə çarə tapa bilmir.
Elə bu yaxınlarda saytımıza müraciət edən Qazax rayon sakini, 31 yaşlı gənc kişi kokos narkotik asılılığından müalicə olunmaq üçün həkim, dava-dərman tapmadığını deyir. Onu Bakıya göndərirlər, dərmanları özün al deyirlər. Rayonlarda xəstənin anonimliyi də qorunmur:
“Bütün rayonun tanıdığı bir həkim var, onun qəbuluna getdinsə, bütün kənd narkoman olduğunu bilir. Rayon, kənd camaatı üçün Bakıya ixtisaslı, müasir mərkəzlərə gəlib, günlərlə qalıb, bahalı müalicə almağa imkanı yoxdur”.
Bir çoxu narkomaniyanın müalicəsinin dövlət hesabına olduğunu da bilmir. Çünki onlara “gəl səni müalicə edərik deyən” bir qurum yoxdur.
Məsələ ilə bağlı Bakı Şəhəri Narkoloji Mərkəzinin həkimi, psixiatr-narkoloq, tibb elmləri namizədi Fəzail Sadıqov Bakupost.az -a müsahibə verib.
Həkim narkomanlara çıxış yollarını göstərib.
- Fəzail həkim, gənclər və yeniyetmələr arasında narkomaniyanın sürətlə yayıldığının şahidi oluruq. Narkoloji xəstə, narkoman dedikdə kimlər nəzərdə tutulur?
- Bu məsələyə birinci tibbi, ikinci isə hüquqi baxımdan yanaşa bilərik. Narkoloji xəstələr deyəndə söhbət narkomanlardan, alkoqol qəbul edən alkoqoliklərdən, toksiki maddələrə aludə olan insanlardan gedir. Narkoloji xəstələr üçün narkoloji xidmətlər mövcuddur. Bu, 2001-ci ildə qəbul olunan “Narkoloji xidmət və nəzarət haqqında”qanundur.
- Rayonlararası dispanserlər, poliklinikalrda olan narkoloji kabinetlərin fəaliyyətini necə dəyərləndirərdiz? Onların müalicə imkanları varmı?
- Rayonlarda tibb sistemində hələ ki, yeni bir şey yoxdur, sovet dövründən qalan şəbəkədir. Rayonlararası iri şəhərlərdə narkoloji dispanserlər mövcuddur. Təxminən 4-5 rayona bir narkoloji dispanser düşür. Orada xəstələr stasionar müalicə alır. Lakin əksər rayonlarda narkoloji dispanser yoxdur. Həmin rayonlarda olan xəstəxanalarda, poliklinikalarda narkoloji kabinetlər var. Etiraf edirəm ki, hazırda rayonlarda bu ixtisasla bağlı həkim çatışmazlığı mövcuddur. Hələ sovet dövründə, 1980-ci illərdə bu qıtlıq hiss olunurdu. Yəni həkim narkoloqlar çatışmır, üstəlik oradakı narkoloqun fəaliyyətindəki nəticələr də şübhə altındadır.
- Bölgələrdə müalicə olunmaq istəyən xəstələr hara müraciət etməlidir?
- Bölgələrdə narkoloji xəstələrin stasionar müalicəsi var. Həmin narkoloji xəstə yaşadıqları yer üzrə yaxın narkoloji dispanserə müraciət edə bilər. Aran rayonlarında Mingəçevir, cənubda Lənkəranda, eyni zamanda Şəkidə dispanserlər var. Əgər bunlar həmin şəxs üçün əlçatan deyilsə, gedə bilmirsə, yaşadığı rayonun poliklinikasında və ya mərkəzi xəstəxanada narkoloq həkim ştatı var ki, onlara müraciət edə bilərlər. Həmin xəstələrdən onlar cavabdehdir. Bütün bunlardan əlavə olaraq uzun müddət xəstəxana şəraitində müalicə almaq üçün Bakıda Maştağa qəsəbəsində Respublika Narkoloji Mərkəzi yerləşir. Ora müraciət edə və tam stasionar şəraitdə müalicə ala bilərlər. Bununla yanaşı Bakı Şəhəri Narkoloji Mərkəzi var ki, bu da Bakı şəhərinin 12 rayonuna xidmət edir. Eyni zamanda ölkəmizdə narkoloji xəstələrin müalicəsi dövlət xəstəxanalarında tam pulsuz həyata keçirilir.
- Bəzən xəstələr anonimliyin qorunmamasından şikayət edirlər. Belə bir hal ola bilərmi?
- Qanunda da qeyd olunub ki, istənilən xəstə anonim şəkildə müalicə olunmaq hüququna malikdir. Tibb mərkəzinə müraciət edib, narkoloji xidmətin qaydaların uyğun anonim şəkildə müalicə ala bilərlər. Anonimliyi qorumaq həkim narkoloqun məsuliyyətindədir.
- Bir çox xəstələr narkoloji xidmətin qısa müddət olması, sağalmadan dispanseri tərk etməsindən şikayətlənirlər. Ümumiyyətlə, narkomanların tam sağalmaq ehtimalı varmı?
- Burada iki məqamı unutmamaq lazımdır. Birincisi, narkoloji xəstə hansı narkotikləri qəbul edib, eyni zamanda bunun hansı müddət davam etməsi aydınlaşmalıdır. Xəstə var ki, 20 ildir narkotik qəbul edir. O gedib sağalmaq haqqında düşünürsə, təbii ki, bu bir az çətin məsələdir. Çünki 20 ildir narkotik qəbul edən şəxsin 10 gün yatıb sağalması absurddur.
Hazırda dünyada xəstənin narkotiki tərgitməyindən söhbət getmir. Çünki bu, asılılıqdır. Düzdür, qumar, telefon, kompüter, sevgi kimi asılılıqlar da var. Sadəcə narkotiklər ona görə təhlükəli hesab olunur ki, ondan asılılıq qısa müddətə formalaşır. Yəni, bir neçə dəfə qəbulundan sonra artıq asılılıq yaranmış olur. Yəni, elə maddələr var ki, dərhal, eləsi də var bir-iki, yaxud üç ilə asılılıq yaradır. Bunların hamısı ümumilkdə tibb dilində psixotrop maddələr hesab olunur. O ki qaldı narkotiki birdəfəllik tərgitməyə, bu mürəkkəb məsələdir, amma istisna da deyil. İnsanlar var 2 aydır, insanlar da var 10 ildir narkotik qəbul edir. Bunlar fərqli şeylərdir. Aylar keçdikcə onun bədəndə asılılığı daha da çoxalır. Onu birdəfəllik atmaq ehtimalı yavaş-yavaş azalır. Ona görə də müalicəyə ilk aylarda, təzə-təzə başlamaq effektiv olur.
- Narkomaniya ilə mübarizədə daha effektiv nəticələr əldə etmək üçün nələr lazımdır?
- Bu xəstəliyi insanlar özlərində şüurlu şəkildə yaradırlar. İnsan 500 mq narkotik qəbul edir, daha sonra iddia qaldırır ki, məni tam sağaltmadan buraxmayın. Təbabətdə heç bir şeyə zəmanət yoxdur, o ki, qaldı narkotik asılılığına...Hazırda dünyada zərərin azaldılmasından söhbət gedir. Mümkün qədər çalışaq ki, insanın sosial adaptasiyası bərpa olunsun və həyatını yaşaya bilsin.
- Ölkəmizdə bir narkomanın sağalması üçün nə qədər vəsait xərclənir?
- Narkomanın sağalması üçün xərclənən məvaciblər müxtəlif ölkələrdə fərqlidir. Bizim müəssisə dövlət müəssisəsi olduğu üçün biz bilmirik dövlət bura nə qədər pul ayırır. Dövlət müəssisəni saxlayır, dərmanla təmin edir, əmək haqqlarını verir. Bildiyimə görə Böyük Britaniyada narkoloji xəstənin 1 günlük xərci 1200-1300 funt sterlinqdir. Təsəvvür edin bu 2500-3000 manat pul edir. Yəni, çox xərc tələb edən xəstəlikdir.
- Narkomanın sağalması üçün onun özündən, ailəsindən nə tələb olunur? Nəyə görə müalicədən bir müddət sonra yenidən o əmələ qayıdırlar?
- Narkotikdən müalicə olunmaq istəyənlər bunu sözdə yox, əməldə həyata keçirməlidir. Müalicə olunmaq istəyən xəstələrin 10 nəfərindən 8-i sözdə müalicə olunmaq istəyir. Lakin sözün arxasında başqa şeylər var. Birində ailədə problem yaranır arvad boşanmaq istəyir, digəri polisə düşür qorxu yaranır, eləsi də var pulu bitib narkotik əldə edə bilmədiyi üçün dispanserə müraciət edir ki, xilas olmaq istəyirəm. Yəni, narkotik istifadəçiləri çox az hallarda sözünün arxasında dura bilir.
Bunların hamısını başa düşürlər, lakin asılılıq, istək o qədər güclüdür ki, insanın normal fəaliyyətindən daha üstün sayılır. Ona görə də onların sosial adaptasiyası pozulur, cəmiyyətə tam inteqrasiya oluna bilmirlər. Asılı insanlardır, bütün günü ancaq narkotik axtarışında olurlar. Güclü, çox güclü iradə, əzm lazımdır. Bu da hər insanda olmur.
Fəridə
Baku Post