Baxmayaraq ki, 3 ildir ölkədə icbari tibbi sığorta sistemi qüvvədədir, hər rayonda xəstəxana və mərkəzlər tikilib, təmir olunub, yenə də ağır xəstələr Bakıya göndərilir.
Üstəlik normal həkimlər rayonlarda işləmək istəmir.
“Medicina” xəbər verir ki, İTV “Sabaha saxlamayaq” verilişində səhiyyə qurumları rəsmiləri, həkim və ekspertlər bölgələrdəki səhiyyə problemlərini müzakirə edib.
Verilişdə Bakupost” və
“Medicina” saytlarının rəhbəri Elçin Zahiroğlu vəziyyətin hələ də acınacaqlı olduğunu bildirib.
“Aiddiyatlı qurumlar tədbirlər görür, amma TƏBİB, Səhiyyə Nazirliyi böyük bir şansı əldən çıxarırlar. İnsanların regionda olan həkimlərə, keyfiyyətli tibbi xidmətə inamı yoxdur.
Bu gün elə ciddi problemlər var ki, onu həll etməyə vaxt belə yoxdur. Hamı bilir ki, kritik xəstə infarkt, insult olmuş xəstələrdir, onları xilas etmək üçün ilk 2 saat qızıl vaxtdır.
Amma rayonda olan insanlar bu vaxtı yollarda itirir, xəstə yollarda qalır, ən yaxşı halda Bakıya yönəldilir. Onda da xəstə yolda ölür. Ən azından TƏBİB bu məsələni bu vaxta kimi necəsə həll etməliydi, amma bunu etməyiblər axı.
İkinci bir məsələ, regionlarda doğuş məsələləri. Yardımlı, Lerik, Masallı üzrə ağır doğuş və keysəriyyə tələb olunan hamilə Lənkəran xəstəxanasına göndərilir, orda da uşaq doğulanda sənədinə doğum yeri avtomatik Lənkəran yazılır. Belə çıxır ki, bir azdan Yardımlıda, Lerikdə doğulan olmayacaq.
Rayonlarda da yaxşı həkimlər var, amma bir azdan onlar da tapılmayacaq”.
Medicina.az