Rayondakı hamilələr həkim müayinəsindən keçmirlər, əsl səbəbi gizlədirlər - Ana və uşaq ölümləri...

  • 2024.08.23 12:54
  • 1742 Baxış
Rayondakı hamilələr həkim müayinəsindən keçmirlər, əsl səbəbi gizlədirlər -  Ana və uşaq ölümləri...
Xəbər verdiyimiz kimi, Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və bətnindəki körpəsi ölüb. 24 yaşlı Samirə Nəsirovanın həyat yoldaşı Habil Məmmədzahidov əməliyyatdan öncə xanımının səhhətində heç bir probleminin olmadığını bildirib:

“Hər şey normal idi. Avqustun 21-i səhər əməliyyata girdi. İyirmi dəqiqə sonra həkim gəlib dedi ki, vəziyyəti ağırdır. Bir az keçəndən sonra xəbər verildi ki, xəstə keçinib. Narkozu vuranda 2 dəfə çırpınıb və sonra keçinib. Bəlkə də dozanı çox vurublar”.


Bəs, bölgələrdə doğuş zamanı niyə tez-tez ana və uşaq ölümü halları baş verir? Belə hadisələrin sayını azaltmaq üçün hansı tədbirlər görülməlidir?





Bakupost.az -ın sualını cavablandıran ginekoloq Gülnar Ağayeva bölgələrdə yaşayan qadınların hamiləlik dövründə mütəmadi olaraq həkim müayinəsindən keçmədiyini bildirib.

Onun sözlərinə görə, qadında olan digər xəstəliklər doğuş zamanı özünü biruzə verir və onun həyatına son qoya bilir:

“Baş verən hadisəylə bağlı indidən nəsə demək tez olar. Yəqin ki, araşdırmalardan sonra dəqiq məlumat veriləcək. Ola bilsin ki, hamiləlik dövründə qadın müayinə olunmur, ürəyində problem olur. Bölgələrdə olan xəstələr davamlı həkim müayinəsindən keçmirlər. Elə müayinə var ki, ona görə hamilə qadın hər ay həkim qəbulunda olmalıdır. Xəstənin şikayəti olanda biz dərhal bu müayinəni həyata keçiririk”.

Ginekoloq deyib ki, xəstədə qanaxma olanda o qeysəriyyə əməliyyatına götürülür:

“Artıq xəstədə qanaxma varsa, cift vaxtından qabaq ayrılır və onda da məcbur qalıb qeysəriyyə əməliyyatına götürürlər. Qadın həddən artıq qan itirdiyinə görə uşaqlığın içində olan uşaq boğulmuş olur və qan itirmədən ananı xilas edə bilmirlər. Bəzən bu cür hadisələri gizlətmək üçün səbəb kimi narkozu göstərirlər”.