Sabah Müqəddəs Ramazan ayının ilk günüdür. Bu bir ay ərzində insanlar müəyyən saatlarda maye və yemək qəbul etməkdən imtina edəcəklər.
Bəs sağlamlığımızı qorumaq üçün sahur və iftarda nə yeməliyik?
Diyetoloq Şəhriyyə Əhmədova mövzu ilə bağlı Medicina.az-a vacib məqamları açıqlayıb. Onun sözlərinə görə bu ayda insanlar bilmədən bir çox yanlışlara yol verirlər ki, onlardan biri məhz sahur zamanı yemək yeyilməməsidir:
"Elə insanlar var ki, ümumiyyətlə yuxudan qalxıb su belə içmirlər. Başqa bir yanlışlıq bütün günü yatıb, iftara kimi olan zamanı yuxuda keçirtməkdir”.
Mütəxəssis sahurda şirniyyat və zeytun yeməyin çox yanlış olduğunu bildirib.
"Çünki bu qidalar gün ərzində daha çox susamağımıza səbəb olur”, - deyə diyetoloq qeyd edib.
Şəhriyyə xanım gün ərzində toxluq hissi verən qidalardan da bəhs edib. O, iftar zamanı ilk olaraq suyun içilməsinin düzgün olduğunu vurğulayıb:
"Gün ərzində özümüzü tox hiss etməyimiz üçün səhər yeməyində karbohidrat, yağ, həm də protein qrupundan mütləq seçimlər etməliyik. Süd içsək gün ərzində az susuzluq hiss etmiş olarıq. İftar açan zaman mütləq yeməkdən öncə su içilməlidir. Qətiyyən yemək yeməzdən öncə şirniyyatla çay içilməməlidir. Bütün günü ac olan orqanizmi ağır, qızartma, karbohidratlarla zəngin olan yeməklərlə yükləmək olmaz. Ona görə öncə kiçik pors şorba içərək 2-ci yeməyə keçid etmək olar.
İkinci seçim ət və tərəvəz kombinasiyasından hazırlanan yemək olsa daha yaxşı olar. Yeməkdən dərhal sonra yatmaq olmaz. İftar yeməyindən sonra 30-40 dəqiqə açıq havada gəzinti lap yerinə düşər. Mədə və həzm sistemində narahatlığı olan insanların yatmazdan 1,5 saat əvvəl kefir içmələri məsləhətdir”.
Şəhanə Quliyeva