Bu il müqəddəs ayımız fəsillərin ən gözəli olsa da, ən defisitli dövrünə təsadüf edir. Köhnə meyvə-tərəvəz tərkibcə tükənmiş, yenilərinin isə zərəri faydasını üstələyir. Gün boyunca nəfsinə hakim kəsilən hər kəs iftar və imsakda nemətlərdən bol - bol faydalanmaq, növbəti günü enerjili olmaq istəyir. Çeşidli nemətlərlə bəzədilmiş zəngin iftar süfrəsi, sahur naz-neməti insanda bir başqa ovqat yaradır. Zənn etmək olar ki, gün boyu oruc olmuş orqanizm hətta daşı da əridər. Təəəssüf ki, hər zaman belə olmur.
Bəs nə etməli? Bol enerjili olub, günlük işlərin yetərincə öhdəsindən gəlmək üçün iftar-imsak rejiminin düzgün qurulması çox vacibdir.
"Medicina" xəbər verir ki, bir neçə faydalı qaydaya riayət etməklə, buna asanlıqla nail olmaq olar.
• Su ehtiyacını əsasən acqarna ödəmək, çünki yeməkdən sonra çox maye qəbulu həzmi çətinləşdirib, köp, ağırlıq, gəyirməyə səbəb olur. Acqarna içilmiş isti su və çay susamış toxumalar tərəfindən tez bir zamanda mənimsənilir, aşırı iştahanı tənzimləyir, mədə-bağırsağı qida qəbuluna hazırlayır.
• Günlük yemək normasını bir öyünə, yəni iftara yığmamaq.
• Vitamin mənbəyi kimi mövsümün ən zəngin neməti olan yabanı göyərtilərdən (cincilim, gicitkan, əmənkömənсi..) istifadə (qutab, kükü)
• Vərdiş etdiyimiz qara çayı qismən də olsa, yaşıl çay və bitki çayları ilə əvəzləmək
• Qəbizliyi önləmək üçün göyərti ilə yanaşı, balqabaq və çuğundurlu yemək və salatlardan faydalanmaq
• Toxluğu çörək, xəmirli yeməklər, şirniyyatlardan yox, yağlar və zülallar hesabına əldə etmək: çörəyi azaldıb, xörək və tərəvəzli salatları bol etmək
• Yeməkləri və mayeləri aramla, fasilələrlə qəbul etmək
• Həzmedici qarışıqdan (cirə, razyana, zəncəfil) istifadə etmək
• Hər nutrientin (yağ, zülal, karbohidrat) olması məqsədəuyğundur, lakin öyünlər üzrə paylanması fərqlidir, belə ki, rahat həzmolma üçün:
-iftarı əsasən su, meyvə-tərəvəz-ağartılı edib, vitamin-mineralla zənginləşdirmək
-kaloraj və həcm baxımından daha tutumlu və ağır yeməkləri sahura saxlamaq
Nədən belə? Fizioloji baxımdan həzm sistemi sutkanın yalnız işıqlı vaxtı aktivdir; axşam saatlarında isə dincəlir. Buna görə axşam yeyilən ağır yeməklər həzm olunmayaraq mədə-bağlrsaq traktında ləngiyir, köp, mədədə ağırlıq, yanğı hissi, narahatlıq verir; eyni zamanda, sahurda, gün boyu tox saxlayıb enerji verəcək qidanın qəbulunu əngəlləyir.
Orucluqda bir çoxlarının halsız, yorğun olması məhz gecə yeməyinin tam parçalanmaması, faydalı maddə yerinə zərərlilərinin əmələ gəlməsi ilə bağlıdır. Bu baxımdan, həzmin rahat getməsi, gün ərzində isə enerjili olmaq üçün iftar süfrəsini bol su-çay, meyvə -tərəvəz -ağartılı etmək, əsas qida qəbulu olan isti yeməkləri isə sahura saxlamaq daha məqsədəuyğundur. Belə olduqda sahurda, yəni səhərin açılmasına az qalmış yeyilən "ağır" yemək gündüz rahat həzm olunub orqanizmi aktiv fəaliyyət üçün gərəkli maddələrlə yetərincə təmin edəcək.
Beləliklə, düzgün icra olunan rejimdə şəkərin normallaşması, təzyiqin stabilləşməsi, dəri problemi olanlarda təzahürlərin sönməsi, həzm traktının rahatlanması və s. müsbət hallar müşahidə olunur.
Məsələn:
İftar: su 2 st, çay 2 st, xamalı (qatıqlı) kahı-kök-qoz-şüyüd salatı, 1-2 meyvə, çay-su
İmsak: çay-su 1-2 st, şüyüdlü aş + toyuq qovurma bol göyərti ilə (və ya istənilən isti yemək), çay-su
İftar: su 2 st, çay 2 st, vineqret zeytun yağı ilə, 1-2 meyvə, çay-su
İmsak: çay-su 1 st, kələm dolması mayasız lavaş ilə (və ya istənilən isti yemək), yumurta, çay-su
Əlbəttə də ki, ağız dadından, yaşından, fiziki fəaliyyətindən asılı olaraq, Ramazan süfrəsi fərdi və fərqlidir. Təqdim olunan rejim də hamı üçün məqbul ola bilməz, bu yalnız bir variantdır. Amma böyük ehtimalla, illərdir orucluğu məmnunluqla deyil, ağırlıq, köp, halsızlıq, qəbizlik, çəki artımı ilə yaşayanlar üçün uğurlu alternativ olub orucluqdan gözlənilən şəfanı qat - qat artıracaq.
Ənənəvi qidalanmaya davam edənlərdə isə (bol iftar, boş imsak) Gastricumeel preparatı yaranan həzm problemlərini həll edib, orucluğu daha sağlıqlı və rahat edəcək.
Gastricumeel - yeməkdən sonra yaranan köpü aradan qaldırır, mədədə yanğı və qıcqırmanı söndürür, öd axınını yaxşılaşdırıb yemək həzmini rahatlayır; mədə və bağırsaqların hərəkətliliyini yaxşılaşdırır, qəbizliyə yol vermir. 1 tab. səhər yeməkdən 20 dəq. əvvəl və 2 tab. axşam yeməkdən 1 saat sonra ağızda sormaqla həzminiz rahat, orucunuz şəfalı olacaq.
Aygün Musayeva