Xəbər verdiyimiz ki, bu gecə xalq artisti Rafael Dadaşov Mərkəzi Neftçilərə xəstəxanasının kardiologiya şöbəsinə ürəyin işemik xəstəliyi, kardioskleroz, ağciyərlərin obstruktiv pozulması diaqnozu ilə daxil olub.
Medicina.az bu diaqnozları barədə ətraflı məlumatı təqdim edir.
Ürəyin işemik xəstəliyi (miokard işemiyası) geniş yayılmış bir patologiyadır. Ürəyin koronar arteriyalarınız urəyinizi qidalandıran və oksigenlə təchiz edən damarlardır. Bu damarların piy, xolesterin hissəcikləri ilə tutulması və ya hər hansı bir formada zədələnməsi ürəyinizin qidalanmasını pozur. Nəticədə ürək daha az oksigen və qidalı maddələr alır. Bunun əlamətləri olaraq sinədə ağrı, tənginəfəslik meydana çıxır.
Gec və effektsiz müalicə olunduqda, xəstə həyat tərzini qidalanmasını dəyişmədikdə daha da ağırlaşaraq miokard infarktına səbəb olur.
Rafael Dadaşov artıq bir dəfə infarkt keçirib.
İnfarktdan sonrakı dövrdə kardiosleroz inkişaf edib.
Kardioskleroz nədir?
Kardioskleroz – ürək əzələsi hüceyrələrinin çapıq toxuması ilə əvəzlənməsi nəticəsində baş verən patoloji haldır. Çapıq hüceyrəsi ürək döyünməsi prosesində iştirak etmədiyindən, miokard artıq yüklənmə ilə işləməyə başlayır.
Ürək əzələsinin ölçüləri tədricən böyüyür, sol mədəciyin, daha sonra isə ürəyin digər şöbələrinin hipertrofiyası inkişaf edir. Tədricən hepertrofiyaya uğramış miokardın resursları tükənir, bu isə ürəyin döyünmə qabiliyyətini azalmasına (o, qanı normal cərəyan etdirə bilmir) və qan dövranı çatışmazlığına, yəni ürək çatışmazlığına gətirib çıxarır.
Kardiosklerozun yaranma səbəbləri
Kardioskleroz miokard infarktı, ateroskleroz, miokardit və müxtəlif makrodiodistrofiyalar nəticəsində yaranır.
Eləcə də,
• Həddindən artıq yemək;
• Tütün istifadəsi;
• Spirtli içkilər;
• Hipodinamiya (azhətəkətli həyat tərzi) və ya əksinə, normadan artıq fiziki yüklənmələr;
• Daimi emosional streslər.
Kardiosklerozun əlamətləri
Kardiosklerozun əlamətləri birləşdirici toxumanın miokardın sağlam toxumasına nisbətən yayılmasından asılıdır. Çapıq toxuması çox olduqca, ürək çatışmazlığı və onun əlamətləri bir o qədər çox ifadə olunur: təngənəfəslik, ödem, ürək ritminin pozulması (səyirici aritmiya və ekstrasistoliya).
Kardiosklerozun müalicəsi
Konservativ müalicə xəstəliyin simptomlarının və ürək çatışmazlığının aradan qaldırılmasına yönəldilir. Ürəkdə metabolizmi yaxşılaşdıran, ritm və keçiriciliyi normallaşdıran, təngnəfəslik və ödemi aradan qaldıran preparalar təyin edilir.
Xəstəyə fiziki aktivliyi məhdudlaşdırmaq tövsiyə olunur.
Ürək anevrezmi yalnız cərrhi yolla müalicə edilir, ritmin geri dönməz pozuntuları zamanı elektrokardiostimulyator yerləşdirilməsi mütləq göstərişdir.
Ürəkdə baş verən bu ciddi xəstəliklər fonunda təbii ki, ağciyərlərlərin də yükü artmış,, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) insanın tənəffüsünü çətinləşdirən ağciyər xəstəliyi inkişaf etmişdir. Bu, ağciyərlərin bir qayda olaraq, siqaret çəkmək səbəbindən zədələnməsi ilə səciyyələnir.
AXOX-nin yaranma səbəbləri
Əksər hallarda AXOX-in yaranmasına səbəb siqaret çəkmədir. Uzun illər tütün tüstüsü ilə nəfəs almaq tənəffüs yollarını qıcıqlandırır ağciyər alveollarının elastik liflərini dağıdır. Passiv siqaret çəkmə də çox ziyandır. AXOX-nin yaranmasına digər səbəblər kimi uzun müddət kimyəvi buxarlarlarla, toz və çirklənmiş hava ilə nəfəs almanı da göstərmək olar. Adətən ağciyər liflərinin dağılması prosesinin ilkin əlamətlərinin özünü göstərməsi üçün uzun illər tələb olunur. Ona görəd də AXOX daha çox 60 yaşından yuxarı adamlarda rast gəlinir.
Bundan başqa, AXOX yaranma riski həyatı boyunca çoxsaylı və ciddi ağciyər infeksion xəstəlikləri keçirmiş adamlarda daha yüksəkdir, xüsusən də bu xəstəliklər uşaq yaşlarında keçirilibsə. 30 və ya 40 yaşlarında ağciyərlərin emfizeması diaqnozu qoyulmuş adamlarda alfa-1-antitripsin zülalının irsi anomaliyası ola bilər, lakin xoşbəxtlikdən bu patologiyaya nadir hallarda rast gəlinir.
AXOX-nin əlamətləri
– Uzunmüddətli (xroniki) öskürək. Əzab verici öskürək, bəzən olur ki, güclü öskürək nəticəsində xəstələrin qabırğaları sınır.
– Öskürək zamanı bəlğəm;
– Fiziki yüklənmələr zamanı güclənən təngənəfəslik.
– İş qabiliyyətinin aşağı düşməsi.
AXOX-nin müalicəsi
AXOX-nin inkişafını ləngitmək üçün ən yaxşı üsul – siqareti tərgitməkdir! Bu, mümkün və ən vacib addımlardan biridir. Siqaret çəkmə müddətindən asılı olmayaraq, bu pis vərdişdən imtina etmək ağciyər dağılmasının qarşısını əhəmiyyətli dərəcədə ala bilər. Müalicə həkimi xəstəliyin simptomlarını yüngülləşdirən və əhvalı yaxşılaşdıran müalicə təyin edir ki, bu da həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Dərmanlar tənəffüsü yüngülləşdirməyə, təngənəfəsliyi aradan qaldırmağa və ya yüngülləşdirməyə kömək edə bilər.
Dərman müalicəsindən başqa, ağciyər xəstəliklərinin reabelitasiya proqramı da mövcuddur ki, bunun sayəsində tutmaları düzgün idarə etməyi öyrənmək olar. Bu proqram üzrə mütəxəssislər xəstələri AXOX zamanı düzgün tənəffüs texnikasına öyrədirlər ki, bunun sayəsində tənəffüsü yüngülləşdirmək mümkündür. Bundan başqa, pasiyentlərə fiziki hərəkətlərin düzgün yerinə yetirilmə və düzgün qidalanma qaydaları tövsiyə edilir.
Xəstəliyin proqressivləşməsi zamanı bəzi xəstələrə oksigen terapiyası kursları keçmək tövsiyə oluna bilər.
Görünür, xalq artisti ürəyin öncədən işemik xəstəliyindən əziyyət çəkib, daha sonra infarkt olub, lakin müalicə ilə sağalıb, həyatına davam edib. Lakin ürək və ağciyərlərin qeydinə sonrakı mərhələdə yaxşı qalmayıb, vaxtında müalicələr almayıb, ola bilsin siqaret çəkməyə davam edib. Bu da onun vəziyyətinin bu qədər kəskinləşməsinə səbəb olub.