Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quş qripinə qarşı monitorinq keçiriləcək

  • 2024.03.29 10:44
  • 925 Baxış
Quş qripinə qarşı  monitorinq keçiriləcək
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək.

Qida Təhlükəsizliyi Agentliyindən Medicina.az -a verilən xəbərə görə, cari ilin 15-19 aprel tarixlərində keçiriləcək növbəti monitorinq zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq.

Eyni zamanda, həmin müddətdə Bakı şəhərində, Abşeron, Şabran, Xaçmaz, Siyəzən, Lənkəran, Cəlilabad, Hacıqabul, Biləsuvar, Bərdə, Tərtər, Mingəçevir, Sabirabad və Beyləqan rayonlarında fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Xızı, Şabran, Xaçmaz, Lənkəran, Masallı, Salyan, Biləsuvar və Ağcabədi rayonlarının ailə təsərrüfatlarında laborator müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.

Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.

Əlavə olaraq, monitorinqin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.