Yəqin ki, son zamanlarda parfümeriya dükanlarında "quru şampun” adlandırılan vasitəyə tez-tez rastlayırsız. Əslində bu vasitə bir çoxlarının ürəyincədir. Çünki saçları tez-tez yağlanan və yumağa vaxtı olmayan şəxslər, əsasən də kişilər üçün "quru şampun” sanki bir xilas yoludur.
Bəs quru şampunlar saçlara ziyan verirmi?
Medicina.az xəbər verir ki, quru şampunlar saçların yağlılığını aradan qaldırmaq və həcm vermək üçün istifadə edilən ən yaxşı vasitədir. Şaçların çirkli və yağlı olduğu vaxt başı yumadan daha təravətli görkəm əldə etmək bir neçə dəqiqənin işidir.
Amma hər şey ilk baxışda göründüyü qədər də sadə deyil. Məlum olub ki, quru şampunlar əslində saçlara və saç dərisinə ziyandır. Belə ki, quru şampunlardan tez-tez istifadə etdikdə bu bir sıra problemlərə səbəb ola bilər.
Trixoloqların fikirlərinə görə, başın su ilə yuyulmasını "quru şampun”la təmizləmə ilə əvəz etmək baş dərisində olan maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər.
Saçların vəziyyəti baş dərisindən və onun təmizliyindən asılıdır. Piy, ölmüş dəri hüceyrələri, tər və kir baş dərisinin məsamələrində yığılaraq folekullarda gedən maddələr mübadiləsinin pozulmasına səbəb olur. Əgər baş dərisi su ilə təmizlənməzsə, o zaman hüceyrələrin regenerasiya prosesi pozulur və saçlar tökülməyə başlayır.
Həmçinin də quru şampunun hissəcikləri baş dərisində yığılaraq saçların zəif, qırılqan olmasına səbəb olur. Bu isə öz növbəsində saçların tökülməsinə gətirib çıxarır.
Buna görə də quru şampundan istifadəni adət halına salmaq düzgün deyil. Bu vasitədən yalnız ehtiyac olduqda istifadə etmək daha məqsədəuyğundur.
Ekspertlər bildirirlər ki, quru şampunlardan yaxşı olardı ki, həftə ərzində ardıcıl olaraq iki gündən çox istifadə olunmasın.
Arzu
Medicina.az