Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qurd xəstəliyini cəmi 1 dərmanla müaıicə etmək olar - Həkim

  • 2023.08.01 12:54
  • 1472 Baxış
Qurd xəstəliyini cəmi 1 dərmanla müaıicə etmək olar  - Həkim

Uşaqlarda qurd xəstəliyinin diaqnozu və müalicəsi uzun və yorucu deyil. Sadəcə, peşəkar parazitoloq və həkim tərəfindən düzgün yanaşma kifayət edir.


"Medicina" xəbər verir ki, Bakı 17 nömrəli Uşaq Poliklinikasının sahə həkimi Reyhan Əliyeva bildirib ki, Helmintlər uşağın immunitetinin azalmasına, allergiyalara, mədə-bağırsaq və sinir sisteminin pozulmasına səbəb olur və nəticədə uşağın fiziki və əqli inkişafı ləngiyir:

“Qurdla yoluxmaya səbəb olan amillər sırasında yoluxmuş səthlə təmas, yoluxmuş qida və suyun qəbulu, gigiyenaya riayət etməmək, çiy və ya az bişmiş qidaların qəbulu, yoluxmuş şəxslə təmasda olmaq və digər səbəbləri göstərmək olar.


Bizquyruq - onunla yoluxmaya enterobioz deyilir. Bağırsaqda yaşama dövrü 28-56 gündür. Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalının iltihabına səbəb ola bilər. Onlar anal dəliyin büküşlərinə on minlərlə yumurta qoyur və bu da qaşınmaya səbəb olur. Uşaqlar gecə qaşınarkən yumurtalar onların dırnaqları altına daxil olur. Bu da yuyulmamış əllərin ağıza salınması nəticəsində yoluxmaya səbəb olur.

Askarida - təsadüf edilən 2-ci daha çox yayılmış helmintdir. Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Askaridalar tərəfindən ifraz olunan toksinlər qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, mədə bulantısına, gecələr ağızdan su axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına səbəb olur.

Lyamblioz - Lyambliyalar orqanizmdə aylarla, hətta illərlə yaşayaraq zərər verməyə davam edirlər. Lyamblioz zamanı müxtəlif nahiyələrdə (əsasən diz və dirsək büküşlərində)səpgilər müşahidə olunur. Mədə bulantısı, iştahasızlıq, boydan və çəkidən geri qalma ola bilər”.

Pediatr uşaqlarda anus ətrafında qaşınma, qarında ağrı, yorğunluq, ishal və ya qəbizlik, çəkidən geri qalma, qusma, iştahasızlıq, diş qıcama, anemiya kimi əlamətləri müşahidə edən valideynlərə uşaqlarını müayinə etdirməyin zəruriliyini vurğulayıb. Qeyd edib ki, qurd xəstəliyinin diaqnozu 3 gün aralıqlarla ən azı 3 dəfə nəcisin müayinəsi ilə qoyulur. Bundan başqa, nəcisdə bəzi parazitlərə görə spesifik antigen testi bizquyruğa şübhə olduqda səhər tezdən anal nahiyədən sıyrıntının götürülməsi ilə də aparılır. Diaqnoz qoyulduqdan sonra müalicə ailəliklə aparılır. Müalicənin müddəti parazitin növündən asılıdır. Çox vaxt qurdun müalicəsində 1 preparat kifayət edir. Əsas olan düzgün diaqnozun qoyulmasıdır ki, bu da müalicənin 90%-ni təşkil edir.

Uşaqları parazitlərdən qorumaq üçün nələr lazımdır:

• Körpələrin bezini mütəmadi olaraq dəyişin. Bu zaman hər dəfə əllərinizi yuyun;
• Onların torpaq üzərində ayaqyalın gəzməsinə icazə verməyin;
• Dırnaqlarını tez-tez kəsin;
• Qidaları yaxşı bişirin;
• Meyvə və tərəvəzləri bişirməzdən əvvəl yaxşı yuyun;
• Alt paltarını və yataq dəstini qaynar su ilə yuyun və buxar ütüsü ilə ütüləyin;
• Yemək stolunu təmiz saxlayın”.

Həkim bildirib ki, qurdların uşaq orqanizmi üçün təhlükəsini nəzərə alaraq, hər yaz və payız mövsümlərində həkim-pediatrın məsləhəti ilə bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür.

Aygün Musayeva