Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qurban dolu məcməi...

  • 2023.06.28 14:38
  • 2104 Baxış
Qurban dolu məcməi...

Ramil Həşim


Cəmi 40 ev vardı 90-ların başına doğru kəndimizdə.
Erməni-rus-sovet zülmündən Zəngəzurun qərbindən şərqinə sığındıqları yurdda uzun zaman qazma evlərdə yaşama məcburiyyətində qalmışdılar. Sonralar yavaş-yavaş daş evlər tikilmişdi.

Bizim tətillərimizi keçirdiyimiz zamanlar artıq naz, rahatlıq dövrü idi demək olar. Kəndin ilk daşını qoyan Əli babamın sonralar ağsaqqallardan ibarət heyətlə o zamankı rayon rəhbərlərinə dirətməsi ilə kənddə məktəbdən poçta, telefondan mini-elektrik stansiyasına kimi qurulmuşdu..

Çox sevirdim dağətəyi yerləşən kənddə tətillərimi keçirməyi...


Ata babamı zorla xatırlayırdım, rəhmətlik böyük əmimi isə hiç görməmişdim. Evlərini evimiz bildiyim ikinci əmimə nəvələrindən öncə mən BABA demişdim. İki mərtəbəli geniş evin həyətində rəhmətlik İsbəndiyar əmimdən xatirə qara tutun maraqlı uzanmış budaqları üzərində döşəkcə salıb kitab oxuyar, arada da yuxulayardım..

Babamgilin hər birinə ad verdiyim quzularını axşam nobatdan gələndə 1-1 tapır, sevərək tövlədəki onlar üçün ayrılmış hissəyə doldurardım. Əsgər flyaqı ilə doldurulmuş su və yuxa dürməkləri ilə quzu nobatına getmək ən sevimli məşğuliyyətimlərindədi..

Babam qoyun nobatına cəmi 1 dəfə izn versə də, günortalar kəndə istirahət üçün gətirilən quzu nobatına getməmə bir söz demirdi.

Oyuncaq olmazdı kənd uşaqlarında, məftildən düzəldilmə müxtəlif "model" arabalar lüks idi. Bir də zəmi biçiləndən sonra saman toplama yarışına girdiyimiz poçemliklə hərəkət edən taxta əl arabaları.. Hər şey çox gözəldi.. Amma bir xatirə var ki, unudulmaz..

40 evdə hərəsi 40 yerə bölünən 40 Qurban kəsilərdi...


Babam soyub doğradıqdan sonra qardaş malı kimi bölərdi əti. Bizsə əlimizdə hazır məcməi gözləyərdik.


Günortaya doğru kəndə quşbaxışı baxılsa məhlə aralarında əllərində qurban payları düzülmüş məcməilərlə gəzən oğlan uşaqları və qulaqlarda xatirə səslər:


Yunus dayı, bayramınız mübarək; Həsənqulu dayı, bayramınız mübarək; Eldar müəllim, bayramınız mübarək; Usub müəllim bayramınız mübarək; Vəlyəddin dayı, bayramınız mübarək; Pirəddin (Burhanəddin dayını hamı belə çağırardı) dayı, bayramınız mübarək; Kamran dayı, bayramınız mübarək; Qəfil dayı, bayramınız mübarək; Avtandil dayı, bayramınız mübarək; Cabbar əmi, bayramınız mübarək; Zərbab bibi, bayramınız mübarək; Abdulla müəllim, bayramınız mübarək....


39 ev sayardıq beləcə..

O zamandan çox illər, çox qurbanlar keçdi.. Artıq özümüz qurban kəsər yaşa gəldik..Amma, hər bayramda o gözəlim məcməilər və başqa bir yazıda nəsib olarsa anladacağım xatirə hər zaman göz önündə ötdü, durdu..


Yenidən tezliklə o yurddlarda "Qurban dolu məcməi"lər gəzməsi diləyilə Bayramınız mübarək!!!