Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qulaq ağrıları - Səbəbləri və müalicəsi

  • 2019.11.02 14:30
  • 16946 Baxış
Qulaq ağrıları -  Səbəbləri və müalicəsi
Qulaq ağrısı (otitis media və ya otit) orta qulağın infeksiyası (bakterial infeksiya ilə iltihabı) xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları – soyuqdəymə və qripdən sonra törənir. Respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısına səbəb ola bilir.

 


Medicina.az xəbər verir ki, insan qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin özünəməxsus funksiyaları və xəstəlikləri var. Qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Bizim "qulaq” adlandırdığımız əslində xarici qulaqdır. Ümumilikdə, qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır.



Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür. Xarici qulağın məhdud iltihabı və ya furukoloz xroniki irinli otitin nəticəsidir – bu zaman müxtəlif bakteriyalar (pnevmokok, stafilokok, hemofil çöpləri) göbələk infeksiyaları xarici qulaqda dəriyə və dərialtı təbəqəyə keçir. Qulağa birbaşa aid olan xəstəliklərsə daxili və orta otitlərdir. Daxili otitlərə (labirintit) az rast gəlinsə də, çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur.


 


Orta qulağın problemləri


Orta otitlər daha çox yayıldığına görə, "otit” termini işlənərkən də əksər hallarda orta qulağın iltihabı nəzərdə tutulur.


Qeyd etdiyimiz kimi, orta qulaq iltihabının əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən infeksion xəstəliklərlə əlaqədar olur. Burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır.



Kəskin və xroniki otit


Orta qulağın otiti gedişinə görə kəskin və xroniki olur. Kəskin otit eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi prosesdir. Kəskin otitdə damcı dərmanlarının bir faydası olmur. Kəskin otit 3 həftə müddətində davam edir, xroniki otit 3 aydan uzun çəkə bilir. Xroniki qulaq ağrısı əziyyətdir. Xroniki otitdə qulaqın pərdəsi əksər hallarda deşilir, qulaqdan pis qoxulu axıntı, çirk gəlir. Eşitmə azalır və ya itir.


Adətən orta otit müxtəlif infeksiya xəstəliklərində eşitmənin itməsinə aparmır. Lakin irinli orta otit orta qulağın marofunksional struktrunu dağıtmaqla buna səbəb ola bilər.



Əlamətləri


Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.


Müalicə


Qulaqda ağrı peyda olandan iki gün sonra azalmırsa, dərhal həkimə müraciət etmək lazımdır. Otiti özbaşına müalicə etmək onun daha da ağırlaşmasına səbəb ola bilər. Odur ki, müalicə üsullarını yalnız həkim müəyyən etməlidir. Qulaq ağrısını LOR (burun-boğaz-qulaq) həkimi müalicə edir.


Qulağın müalicəsi yerli və ümumi aparılır. Yerli müalicə kimi antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur. Qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir.


Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur.


Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa, irinin cərrahi yolla xaric edilməsi vacibdir.




Xalq təbabəti ilə müalicə


Nar


Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcılayırlar Şirin nar dənələrini şərabla qaynadıb, əzib sonra qulağa məlhəm şəkildə qoyanda təsiri yaxşı olur.


Sarımsaq


Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qatışığı da buna yaxşı təsir edir.


Yumurta


Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. İltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir.


Balqabaq tumu


Balqabağın tumunun üzərinə zeytun yağı tökəndən sonra bir müddət gözləyib, sonra onu qulağa damcılatmaqla qulağın sulanmasının qarşısını almaq olur.

Qulaq ağrıları -  Səbəbləri və müalicəsi
Qulaq ağrıları -  Səbəbləri və müalicəsi
Qulaq ağrıları -  Səbəbləri və müalicəsi