Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır

  • 2025.03.19 12:38
  • 216 Baxış
Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır

Qrip virus mənşəli, tənəffüs yollarına təsir edən kəskin infeksion xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə xüsusilə, payız-yaz aylarında geniş yayılır. Qripin əsas simptomları üşütmə, halsızlıq, ümumi zəiflik, yüksək hərarət (38-40°C), baş, əzələ və boğaz ağrıları, öskürək, gözdə sulanma, burun tutulması və ya axmasıdır.

Medicina.az xəbər verir ki, qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun-udlaq yaxması kimi müayinələr təyin edir.

İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun-udlaq yaxması, PCR testi, ultrasəs müayinə (USM), rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda həyata keçirilir.

İmmunitet sistemi zəif olan, ürək-damar və diabet kimi ağır xroniki xəstəlikləri olan şəxslər, yaşlı insanlar, uşaqlar və hamilə qadınlar risk qrupu hesab edilirlər. Risk qrupuna daxil olan şəxslərdə qripin fəsadları daha ağır olur. Vaxtında müalicə edilmədikdə, qripin arzuolunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür.

Belə ki, ağırlaşmalar zamanı tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətlər yaranır. Qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində yuxarı və aşağı tənəffüs yollarında ikincili bakterial ağırlaşmalar - stafilakok mənşəli ağciyər iltihabı (pnevmoniya: bu zaman irinli bəlğəm xaric olunur), sinusit (burun boşluqlarının iltihabı) və meningit baş verir.

Bu səbəbdən, yüksək hərarət 5-7 gündən çox davam etdikdə, temperatursalıcı dərmanların təsiri olmadıqda, davamlı qusma, güclü baş ağrıları, ürək ritminin pozulması, təngnəfəslik, boğulma halları, döş qəfəsində darlıq, pnevmoniya, bronxit kimi bakterial infeksiyaların inkişafı müşahidə edildikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Ağırlaşma hallarında stasionar müalicə (xəstəxanada yatış) təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stasionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər.

Yeni fəslə keçid, hava temperaturunun qısa müddət ərzində kəskin dəyişməsi, bayram günləri səbəbindən ictimai yerlərdə yaranan sıxlıqlar mövsümi xəstəliklərin və qripin əhali arasında yayılmasını artıra bilər. Yoluxucu virus və infeksiyalardan qorunmaq üçün sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına əməl etmək, olduğunuz məkanları tez-tez havalandırmaq, immuniteti gücləndirmək üçün bol vitaminli meyvə-tərəvəzlə qidalanmaq və sağlam həyat tərzi vərdişləri formalaşdırmaq tövsiyə olunur.

Hər bir vətəndaşımızı tövsiyələrə əməl etməyə, sosial məsuliyyətlərimizi nəzərə alaraq özümüzü və cəmiyyətimizi xəstəliklərdən qorumağa çağırırıq!