Qripdən sonra canımızdan, daha doğrusu boğazımızdan əl çəkməyən və vaxtaşırı gələn ikinci azar angina, faringit, badamcıqların şişməsi və s. bu kimi boğaz xəstəlikləridir. Onların arasında tonzilit və ya damaq badamcıqlarının (qlanda) iltibahı son vaxtlar daha geniş yayılıb, əsasən, uşaqlar və gənclər bu xəstəliyə tutulurlar.
Tonzilit xəstələyi iki yerə ayrılır: kəskin tonzilit (angina) və xroniki tonzilit.
Angina
Havalar artıq soyumağa doğru gedir. Bu günlərdə çaşıb bir qurtum soyuq su içən kimi bəzilərimizdə həmin an angina peyda olur.
Angina (latınca "anqo" - sıxıram, boğuram deməkdir) badamcıqların geniş yayılmış infeksion xəstəliyidir, özü də çox yolxucu və təhlükəli azardır: hava-damcı yolu ilə, yəni asqırmaq və ya öskürməklə də adamdan adama keçir.
Angina xəstəliyi azarın başlamasının ilk üç günündə xüsusilə təhlükəlidir. Üç gündən sonra da - azı 10 gün angina xəstəsi infeksiya mənbəyi ola bilir.
Bundan başqa, boğazımızdakı mikroblar immun sistemimiz zəifləyəndə autoinfeksiyaya (öz-özündən yoluxma) səbəb ola bilir.
Anginaya səbəb olan mikroblar:
Daha çox A qrupundan olan hemolitik streptokokk;
Daha az stafilokokk, pneviokokk, adenoviruslar.
Praktiki olaraq sağlam adam streptokokk A-nın daşıyıcısı ola, özü xəstələnməyə, amma ətrafını yoluxdura bilər. Angina digər yoluxucu xəstəliklər kimi müalicədən sonra tez-tez təkrar qayıda bilir. Bu azar bədənin hərarətini çox yüksəldir - 38-39 dərəcəyə kimi.
Əgər anginanın səbəbi bakteriyalarla bağlıdırsa, həkimin məsləhəti ilə antibiotiklər qəbul etmək lazımdır.
Antibiotikləri həkimin təyin etdiyi kimi, düz vaxtında və 10 gündən az olmayaraq atmaq lazımdır, hətta daha tez sağaldığınızı hiss etsəniz belə.
Əgər angina virusludursa, antibiotiklər kömək etmir. Hələlik anginanı 100 faiz effektiv müalicə edən virusa qarşı preparatlar yoxdur. Əksər hallarda orqanizmin özü angina virusunun öhdəsindən gəlir. Bu zaman ev şəraiti rejimi (bu azarı ayaq üstə, o cümlədən işdə keçirmək olduqca təhlükəlidir) və xalq təbabəti köməyə gəlir: isti yeməklər yeyin, mürəbbəli çay için və boğazınızı qarqara edin, yəni yaxalayın.
Angina zamanı yalnız boğazda ağrı olmur, qulaqlara təsir edir, başağrısı verir, taqətsizlik və süstlüyə səbəb olur, ürəkdə ağrı yaradır. Həmçinin angina böyrəklərə, damarlara və oynaqlara da problem yarada bilir.
Bundan başqa, angina daha ciddi xəstəliklərin (difteriya, skarlatina, qrip, hətta qanın bədxassəli xəstəliyi) simptomu ola bilər.
Xroniki tonzilit
Xroniki tonzilit - badamcıq vəzilərinin limfa (toxumalara qida maddələri daşıyan sarımtıl maye) toxumalarının periodik iltihabıdır. Adətən angina tez-tez təkrarlanırsa, xroniki tonzilitə keçir. Hər 5 angina xəstəsindən biri xroniki tonzilitdən əziyyət çəkir.
Bununla yanaşı, xroniki tonzilitin qeyri-angina forması da var. Xəstəliyin tez-tez baş verməsi və daxili orqanlarda çoxsaylı ağırlaşmalara səbəb olması insanın uzun müddətə əmək qabiliyyətini itirməsinə səbəb olur.
Xroniki tonzilit il ərzində 3-4 dəfə təkrarlanan angina ilə üzə çıxır. Xəstəlik kəskinləşməsə belə, insanı boğazının ağrıması, göynəməsi, badamcıqlarında yad cismin olması, ağızdan pis qoxunun gəlməsi, udqunanda ağrının olması narahat edir.
Bəzən bir neçə həftə, bəzən də bir ay müddədində temperatur 37,5 S-yə qalxır, başağrısı başlayır, öskürək tutması bizdən əl çəkmir, iş qabiliyyətimiz azalır. Maraqlıdır ki, bəzi xroniki tonzilit xəstələri, ümumiyyətlə, heç nədən şikayətlənmirlər. Lakin bu azarın şiddətlənməsinin çox ciddi nəticələri olur: ürəkdə qüsur yaradır, böyrək və damarlara zərbə vurur.
Risk faktorları
Xroniki tonzilitə apara bilən risk amilləri:
burunla nəfəsin davamlı pozulması: adenoid (udlaq badamcğının şişməsi), burun çəpərinin əyriliyi;
burunun əlavə boşluqlarının azarı: qaymorit, frontit (alın cibinin iltihabı), etmoidit;
xroniki faringit (udlağın selikli qişasının iltihabı).
Diaqnoz və müalicə
LOR-həkim asanlıqla xroniki iltihab prosesinin əlamətlərini üzə çıxarır:
badamcıqlar yumşaq olur və damaq qövsü ilə birləşir
badamcıqların üstündə balaca təpəciklər olur. Badamcığa şpatellə (qaşıq) azacıq basanda həmin yerdən irinli maye axır.
Yeri gəlmişkən, badamcıqların böyük ölçüsü həmişə o demək deyil ki, bu, xroniki tonzilitin əlamətidir. Əslində, iltihab kiçik ölçülü badamcıqlarda daha tez-tez baş verə bilir.
Xroniki tonzilitin kəskinləşməmiş formaları əsasən konservativ üsullarla müalicə olunur: badamcıqlar sistematik olaraq dezinfeksiya məhlulları ilə (furasillin, penisillin, etakridin laktat və s.) yuyulur. Bundan sonra badamcığa "lyuqol" məhlulu sürtülür.
Badamcıqları yuma eyni zamanda fizioterapevtik müalicə (limfa düyünlərinə ultrabənövşəyi şüalarla cərəyan verilməsi) ilə müşayəit olunur.
Zəruri olduqda müalicə kursu (12-15 yuma) 2-4 aydan bir təkrarlanır. Effekti olmadıqda iltihab və ağırlaşma verməməsi üçün badamcıqlar götürülür. Əməliyyat, əgər angina keçirmisinizsə, ondan azı 3 həftə sonra aparılmalıdır.
Anginaya tez-tez tutulan adamlar, xüsusən uşaqlar dispanserdə qeydiyyata alınmalıdırlar. Bundan başqa, boğazdakı azardan yaxa qurtarmaq üçün dişlərdəki kariesi müalicə etmək, burunun qaymor boşluqlarını sağaltmaq, burunla azad nəfəs almağı bərpa etmək və orqanizmi möhkəmlətmək lazımdır.(Ekspress qəzeti)