İlk dəfə Şimali Afrikada becərilməyə başlanılan xına sonradan Hindistan və Avropaya gətirilib. Ərəblər bu qırmızı-sarı boyanı artıq bir neçə əsrdir ki, nəinki saçların boyanması, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər.
Medicina.az xəbər verir ki, xına uzun müddət bəzək vasitəsi olmaqla yanaşı, həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Tədqiqatlar zamanı bu bitkinin sarı-qırmızı piqmentinin çox güclü bakterisid təsirə malik olduğu aşkarlanıb. Dərini bakteriya və göbələklərdən mühafizə edən xına sızanaq və civzələri yox edir, başağrısı və hərarəti aradan qaldırır. Saçların dibini möhkəmləndirərək, saç tökülməsinin qarşısını alır.
- Xına müxtəlif saç və baş dərisi problemlərində istifadə olunur. Daim istifadə olunduqda xına kəpəkdən azad edir, saçları daha canlı, möhkəm, parlaq və sağlam edir. Xına saçların tökülməsini azaldır, saçları bərpa edir. Rəngsiz xına baş dərisinin iltihabları, qıcıqlanması, saçların tökülməsi zamanı istifadə olunur. Quru saçlar və quru baş dərisi zamanı xınanı su və gənəgərçək yağı ilə (yarıbayarı), yağlı saçlar və yağlı baş dərisi zamanı su ilə yaxşı qarışdırılır (xama kimi alınmalıdır). Xınanı saçlara çəkin, əvvəl plyonka, sonra isə dəsmalla bükün və 2-3 saat ərzində saxlayın. Sonra isə yuyun.
Rəngsiz xına adətən heç bir allergik reaksiyalara səbəb olmur və istənilən saçlar və baş dərisi üçün istifadə oluna bilər.
- Rəngsiz xına müxtəlif kiçik yaralar, sıyrıntılar, dabanlarda çatlar, diatez, ekzema, dermatit və s. dəri xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün xına isti su ilə qarışdırılır (xama kimi alınmalıdır), pambıq parçaya çəkilir və dərinin zədələnmiş hissəslərinə qoyulur.
- Xına (həm rəngli, həm rəngsiz) baş ağrıları zamanı da çox yaxşı kömək edir. Xınanı suda həll edin və saçlara və baş dərisinə çəkib plyonka və dəsmalla bağlayın və uzanın. 30 dəqiqədən sonra başınızı yuyun.
- Büzücü və iltihabəleyhinə təsirə malik olan xına müxtəlif ağız boşluğu və damaqlar iltihabları zamanı istifadə olunur - 1 çay qaşığı xına 1 stəkan isti suda həll olunur, 1/2 saatdan sonra yaxşı süzülür və qarqara kimi istifadə olunur.
- Xına göbələk infeksiyası ilə mübarizə aparır. Ayaqlarınızda göbələk varsa, xınanı suda həll edib ayaqlara çəkin. Pis ayaq qoxusu zamanı da xına istifadə olunur - pis qoxuya səbəb olan mikrobları, göbələkləri öldürür, dərini qurudur.
- Bel, oynaqlar ağrıları zamanı xınanı su və zeytun yağı ilə (yarıbayarı) qarışdırın (qatı xama kimi alınmalıdır), 10 dəqiqə saxlayın, pambıq əskiyə çəkin və ağrıyan hissəyə qoyub 30 dəqiqədən sonra götürün.
Qoturu müalicə edir
Xına qotur xəstəliyinin sağaldılmasında da faydalıdır. Heyvanlarla təmasdan yaranan bu dəri xəstəliyi zamanı xına tətbiqi problemi həll edir. Xına ağacının yarpaqları qaraciyərin dərmanlıdır, eni zamanda sarılıq xəstəliyi zamanı da istifadə edilir. Hənanın spesifik qoxusu var, bu qoxu mərkəzi sinir sisteminə olduqca müsbət təsir edir, sinirləri rahatladır, stressi azaldır. Baş ağrısı zamanı xına çiçəkləri sirkə ilə qarışdırılaraq tətbiq edildikdə ağrını kəsir. Xınanı isladıb alın nahiyəsinə yaxmaqla da ağrını kəsmək olar.
Alternativ tibbdə bir çox məqsədlə istifadə edilən xınanı bal və ya gül yağı ilə qarışdırdıqda bel ağrılarına da kömək etdiyi məlumdur. Xına sızanaq və civzələrin yox edilməsində də istifadə edilir. Xınanı suya atıb qarqara etdikdə diş ətindəki iltihablanmanı aradan qaldırır. Ağız kandidozunu belə müalicə edən həna ağız boşluğundakı mikrobları belə təmizləyir.
Bəzi qədim mənbələr cinsi istəyi artırdığını yazır. Bundan əlavə dabanların çatlamasının qarşısını alır, suçiçəyi çıxarmış uşalqarın yarasını tez qurudur, ayaqlardakı göbələyi sağaldır.
Ayaq qoxusundan xilas edir
Bir çox kişinin ayaq qoxusu problemi olduğunu bilirik və bu problemi xına ilə həll etmək mümkündür. Sadəcə, hər axşam ayağınıza isladılmış xına yaxın, üzərindən polietilen bir torba geyinin, sonra da corab geyinərək səhərədək xınanı ayağınızda saxlayın, səhər yuyun. Bunu 6-7 gün təkrarlayın.
Dəri yaralarının, xüsusilə çibanın qarşısını alan xına zeytun yağı ilə qarışdırılaraq baş dərisinə çəkildikdə beyin şişinin qarşısını belə almaq gücünə malikdir. Antibakterial gücü hənanın iltihablanmış yaraları sağaltmağına kömək edir. Xərçəng şişlərinin əmələ gəlməsinin qarşısını alan xına dalaq sağlamlığı baxımından da xeyirlidir. Ümumiyyətlə, xınanın daxilə qəbulundan başqa hər cür istifadəsi mümkündür, bəzi allergik problemləri olan insanlara xına tətbiqini ehtiyatla etmək məsləhət görülür.
Dəridə qızarma, səpki kimi problemlər yarada bilər, amma bu, yalnız allergik problemi olan insanlar üçün keçərlidir. Udulması məsləhət görülmür, hamiləlikdə isə qətiyyən yolverilməzdir, çünki xınanın tərkibində hamiləliyi yarımçıq qoyan, uşaqsalmaya səbəb olan maddələr var.