Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qohumlarımız bizə gələndə özləri ilə çay içməyə qənd gətirir" - Tanınmış endokrinoloqun qidalanma sirləri

  • 2019.08.26 18:33
  • 86023 Baxış
"Qohumlarımız bizə gələndə özləri ilə çay içməyə qənd gətirir" -  Tanınmış endokrinoloqun qidalanma sirləri
 Azərbaycanın tanınmış endokrinoloqu, Avropa Endokrinoloqlar Cəmiyyətinin üzvü Hidayət Məmmədzadə ailəlikcə qənd, şəkər, müxtəlif şirniyyatlardan imtina etdiyini açıqlayıb. Həkim hətta etiraf edib ki, evlərində qənd, konfet, mürəbbə belə olmur. Bunu bilən yaxın-uzaq qohumları onlara qonaq gələndə çay içməyə özləri üçün qənd, konfet gətirir. 

 

Medicina.az həkimin "Süfrə"dərgisinə verdiyi maraqlı açıqlamanı təqdim edir:


" Mən və ailəm uzun müddətdir ki, paketlənmiş və sənaye baxımdan işlənmiş qidalardan, şəkərdən, rafinə olunmuş karbohidratlardan istifadə etmirik. Bir də onu demək istəyirəm ki, yağ yeməkdən qorxmayın. Yağ insan orqanizminə heç bir zərər  vermir. 

Bizim evdə mürəbbə olmur. Bəzən qohumlarımız bizə gələndə özləri ilə çay içməyə qənd gətirirlər. Düzdür uşaqların hamısı konfet, şokolad istəyir. Amma bir yolla uşağı onlardan uzaqlaşdırmaq mümkündür. Mənim un məmulatı, fast food, paketlənmiş qida yediyim heç yadıma gəlmir. Çayı belə nadir hallarda içirəm. Balıq, göyərti, sarımsaq, ağartı məhsulları yeməyi çox xoşlayıram. Sarımsaq yeməyim sayəsində qrip olmuram. Öz həyətimizdə saxlanılan toyuqlardan istifadə edirik. Mən alış verişi marketdən deyil, bazardan edirəm. Bizim evdə həmişə meyvə-tərəvəz, turp, kök, kələm olur. İllərdir ki, şəkərdən, şirniyyatdan, konfetdən istifadə etmirəm. Əslində bir müddət şəkər yemədikdə artıq bədən də onu tələb etmir. Özümə rəva görmədiyimi xəstələrimə də rəva görmürəm". 

 

Endokrinoloq anaların "bəs uşağımıza nə yedirək" tipli sualına da cavab verib.



"Hələ qaraciyəri tam formalaşmayan uşağa çox miqdarda karbohidrat verməklə, biz onun bütün orqanlarının işini pozmuş oluruq. Uşaqlar üçün ən yaxşı qida kənd toyuğunun yumurtasıdır.  Broyler toyuqlarından və onların yumurtalarından qətiyyən istifadə etmək olmaz. Çünki onlar dərmanlarla, hormonlarla süni şəkildə böyüdülür. Yalnız təbii ətlərdən, yumurtadan, meyvə-tərəvəzlərdən, təbii ağartı məhsullarından istifadə etmək lazımdır. 

Kolbasa sosiska əvəzinə uşaqlara təzə ət yedizdirin. Çünki ən bahalı və keyfiyyətli sayılan kolbasa məhsulları ən aşağı keyfiyyətli ətlərdən hazırlanır. Qırmızı ətdən istifadə etməyi məsləhət görürəm. Ət bişirərkən yaxşı olardı ki, ona süni dad vericilər yox, sarıkök, sumax, təbii ədviyyatlar vurulsun. Bundan əlavə nənə-babalarımızın istifadə etdikləri nehrə yağından istifadə etməlidirlər. Mən düşünürəm ki, 70-80-ci illərə qədər Sovet dövründə, ondan əvvəlki dövrlərdə insanlar necə qidalanırdılarsa, indi də o cür qidalanmaq lazımdır. Çünki sağlamlıq onda idi. 

"Qohumlarımız bizə gələndə özləri ilə çay içməyə qənd gətirir" -  Tanınmış endokrinoloqun qidalanma sirləri