Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov yenidən ürək və boyun damarlarından əməliyyat olunub.
Bu barədə onun vəkili Elnur Vəliyev deyib.
Onun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında əməliyyat edilən keçmiş icra başçısının hazırda vəziyyəti yaxşı deyil: "Qoca Səmədovun ürəyinə stend qoyulub və ürək damarlarından əməliyyat edilib".
Xatırladaq ki, Q.Səmədov daha əvvəl bir neçə dəfə ürəyindən əməliyyat olunmuşdu.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.