Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızmar yayın fəsadları: hansı qidalardan zəhərlənmək olur - ARAŞDIRMA

  • 2019.07.06 12:30
  • 4365 Baxış
 Qızmar yayın fəsadları: hansı qidalardan zəhərlənmək olur - ARAŞDIRMA

Yay mövsümü mədə-bağırsaq sistemi ilə bağlı problemləri hər zaman kəskinləşdirir. Havanın isti keçməsi qida məhsullarının tez xarab olması ilə nəticələnir. Elə ötən ay Bakıda 12 nəfərin kütləvi şəkildə dönərdən zəhərlənməsi halı baş verib. Fakta görə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Bu günlərdə isə Filippində reallaşan ziyafətdə 240 nəfərdən çox insan qidadan zəhərlənib. Onlar toyuq, qaynadılmış yumurta və düyü yedikdən sonra özlərini pis hiss edib və xəstəxanaya yerləşdiriliblər.

 

Bəs özümüzü zəhərlənmədən necə qoruyaq?

Medicina.az xəbər verir ki bu barədə qastroenteroloq-endoskopist Farmiz Əliyev "Report” açıqlamasında yay dövründə mədə-bağırsaq traktında baş verən pozuntuların əsas səbəbini tez xarab olan qida məhsullarının saxlanma qaydalarının pozulmasında və yeməyin hazırlanması zamanı yol verilən qüsurlarda olduğunu bildirib: "Bu səbəbdən mikroorqanizmlərin çoxalması və məhsulun xarab olması üçün əlverişli şərait yaranır. Mikroorqanizmlərin yaratdığı və orqanizmə ötürülən toksinlər zəhərlənmə yaradır və xəstəliyə gətirib çıxarır".

Onun sözlərinə görə, pasiyentlər tez-tez ürəkbulanması, qusma, ishal, titrəmə, nasazlıq kimi hallardan şikayətlənirlər. Bu simptomlar aşkarlandıqda, mütləq həkimə müraciət etmək məsləhətdir. Hər hansı ləngimə nəticədə ağır fəsadlara, hətta ölümə gətirib çıxara bilər. Sağlam qida bədən sağlamlığının əsasını təşkil edir”. Bakı şəhər sakini Barat Məmmədova isə açıqlamasında son illərdə bir neçə dəfə zəhərləndiyini deyib: "Artıq qidalardan ehtiyat edir. Qazlı sərinləşdirici içki, pendirli popkorn və xiyardan zəhərlənmişəm. Həmin qidaları başqaları da yemişdi, lakin problem tək məndə yarandı. Həkimə müraciət etdim, qida zəhərlənməsi olduğu təsdiqləndi. Müalicə də almalı oldum. Bu hadisələrdən sonra xiyarı ehtiyatla yeyirəm. Popkorn, çips kimi zərərli qidaları, demək olar ki, istifadə etmirəm. Qazlı sərinləşdirici içkilərə qarşı da qorxu yaranıb. Bəzən içirəm, amma normanı gözləyirəm”. Dietoloq Leyla Zülfüqarlı dönər kimi sərt tərkibli, ən ziyanlı qidadan zəhərlənmənin təsadüfi olmadığını vurğulayıb: "Belə qidalar, adətən, geni dəyişdirilmiş ətdən hazırlanır. Bu isə ən təhlükəli qida növüdür. Bəzən çox köhnə əti ammonyakla yeni hala gətirirlər. Bu zəhərlənmə gizli şəkildə də baş verə bilər. Bu zaman çox təhlükəli hal yaranır. Həmişə fəsfud qidalardan və enerji içkilərindən uzaq durmağı məsləhət görürük. Ümumiyyətlə, bu tip ərzaq məntəqələrinin qadağa olunması arzuolunandır”.

 

 

 Onun sözlərinə görə, fəsfud qidalar daha çox azyaşlılar arasında xroniki allergiyaya səbəb ola bilir: "Fəsfud qidalardan istifadə edən pasiyentlərin şikayəti artıq çəki, allergik xüsusiyyətlər, xroniki qəbizlik, mədə-bağırsaq xəstəlikləri ilə bağlı olur. Belə qidalar bağırsaq xərçənginin yaranmasına çox ciddi təsir edir. Fəsfuda tez-tez müraciət edən insanlarda hüceyrə metabolizması korlanır. Bu halda hüceyrə mübadiləsi pozulur. Ölkədə mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanların sayı həddindən artıq çoxdur. Buna da səbəb düzgün olmayan qidalanma formasıdır. İnsanları nə qədər bu tip qidadan uzaq durmağa səsləsək də, bəzən iqtisadi baxımdan mümkün olmur, çünki daha əlçatan və ucuz olurlar”.