Qızım yanvarın 3-də "Mərcan" klinikasında həkim Sənan Mehdiyev tərəfindən əməliyyat olunub. Guya burun çəpəri əyri idi, amma heç o da yox idi, burun sümüyü bir balaca böyük olduğu üçün onu kiçiltmək istəyirdi. O, əməliyyat üçün analizlər verib qeydiyyatdan keçəndən sonra fikrindən daşınmışdı. Lakin həkim zəng edərək, qızımın analiz verib, qeydiyyatdan keçdikdən sonra niyə gəlmədiyini soruşub, yenidən əməliyyata çağırıb".
"Medicina" xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.
"Sənan Mehdiyev köhnə analizlər əsasında da əməliyyat edib. Onun ölümündə həkim günahkardır, bununla bağlı prokurorluğa da şikayət etmişik.
Qızım əməliyyatının üstündən 10 saat keçəndən sonra, yanvarın 4-də pisləşib. Buna görə təcili yardım çağırılıb, "Diklofenak" iynəsi (ağrıkəsici - red.) vurulub. Əməliyyat edən həkimə qızımın vəziyyətinin pis olduğunu, xəstəxanaya yerləşdirilməsi gərəkdiyini desək də, o buna əhəmiyyət verməyib. Həkim deyirdi ki, tərpətməyin, anesteziyanın fəsadlarıdır, keçib gedəcək. Təcili yardımdakı həkim də Sənan həkimə xəstəxanaya yerləşdirilməli olduğunu demişdi. Hətta yoldaşı da dəfələrlə deyib ki, Nəzrinin vəziyyəti pisdir, qusur, temperaturu var, başı ağrıyır. Lakin həkim deyirdi, tərpətməyin, keçəcək. Ayın 5-i isə halı tamam pisləşdi. Təcili xəstəxanaya yerləşdirdik. O, koma vəziyyətində idi".
Xatırladaq ki, Nəzrin Mansurova yanvarın 5-də "Liv Bona Dea Hospital"ın Reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, o, komadan ayılmayıb və dünyasını dəyişib. O bu gün Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Nəzrini əməliyyat edən cərrah S.Mehdiyev bundan öncə də pasiyentlərindən birini itirib. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
Medicina.az