Yediyimiz qidaların bədənimizə təsirlərini hamımız az-çox bilirik. Müəyyən qidaların müntəzəm olaraq qəbulunun piylənmə riskini artırdığı, həmçinin yüksək xolesterin, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və qaraciyər yağlanmasının inkişafında rol oynadığı bilinir. Lakin bəzi qidalar, xüsusilə, beynə dağıdıcı təsir göstərir, demək olar ki, beyni "çürüdərək" demensiyaya səbəb olur.
Daha çox 65 yaşdan yuxarı insanlarda rast gəlinən bu vəziyyət yaddaş, nitq, anlama və hərəkətlilik problemlərinə, şəxsiyyət və davranış dəyişikliklərinə səbəb ola bilər. Hazırda dünyada təxminən 55 milyon demensiyadan əziyyət çəkən insan var. Lakin 2050-ci ildə bu rəqəmin 139 milyona yüksələcəyi təxmin edilir.
Alimlər xəbərdarlıq edirlər ki, bəzi qidaları yemək bu təhlükəli xəstəliyə tutulma riskini artıra bilər.
Medicina.az xəbər verir ki, son araşdırmalara görə, bu nöqtədə xüsusilə bir qida növü önə çıxır. Yeni araşdırmalar təkrar istifadə edilən yağda bişirilən qidaların beyində degenerasiyaya səbəb ola biləcəyini ortaya qoyub. Bu, qızardılmış məhsulları ən təhlükəli qida hesab etməyimiz üçün kifayətdir. Çünki bu cür yeməklər əsasən də restoranlarda təkrar-təkrar istifadə edilmiş yağda qızardılırlar. Buna görə də beyin üçün riskli sayıla biləcək iki məşhur qida kartof qızartması və qızardılmış toyuqdur.
Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin illik toplantısında təqdim edilən araşdırmanın bir hissəsi olaraq, elm adamları sağlam pəhriz tətbiq edilən gəmiricilərlə müqayisədə təkrar istifadə edilən yağda qızardılmış yeməklərlə bəslənən siçanlarda daha yüksək səviyyədə neyrodegenerasiya aşkarlayıblar. Eyni problemlər siçanların sonrakı nəslində də müşahidə olunub.
Tədqiqatçılar neyrodegenerasiyanın artmasının qaraciyər, bağırsaq və beyin arasındakı iki istiqamətli rabitə şəbəkəsinə yağın təsiri ilə əlaqəli olduğunu aşkar ediblər.
Bu qaraciyər-bağırsaq-beyin şəbəkəsi müxtəlif fizioloji funksiyaların tənzimlənməsində həyati əhəmiyyət kəsb edir və bunun pozulması nevroloji pozğunluqlarla müşahidə olunur.
Tədqiqatçılardan biri - Tamil Nadu Mərkəzi Universitetindən dosent Kathiresan Şanmuqam məsələ ilə bağlı bunları deyib:
“Yenidən istifadə yağın təbii antioksidantlarının və sağlamlıq faydalarının çoxunu aradan qaldırsa da, bu həm evlərdə, həm də restoranlarda geniş yayılan bir təcrübədir. Yenidən istifadə edilən yağın tərkibində akrilamid, trans yağ, peroksidlər kimi zərərli maddələr ola bilər. Nəticədə qaraciyərin lipid metabolizması əhəmiyyətli dərəcədə dəyişə və vacib beyin Omeqa-3 yağ turşusu DHA-nın daşınması azala bilər. Bu da zamanla beynin funksiyalarını pozaraq demensiyaya gətirib çıxarır”.
Aysel