Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışda niyə kökəlirik?

  • 2019.02.08 22:47
  • 10207 Baxış
Qışda niyə kökəlirik?

Qış aylarında kiçik bir çəki artımı orqanizmin soyumasına qarşı bioloji təsir göstərir. İnsan genetik olaraq soyuq havalarda çəki artımına meyillidir. Niyə yaz və yay fəsillərində biz xoşbəxt oluruq? Çünki bu mövsümlərdə həyat mənbəyi olan Günəş şüaları bizim orqanizmimizə, ilk növbədə beynimizə müsbət enerji ötürür. İstidən soyuğa keçid dövründə insan orqanlarında, həmçinin beynin bütün əlaqələndirici sistemlərində bir tənzimləmə baş verir. Günəş şüalarının çatışmazlığı insanların ruh sağlamlığına təsir göstərir. Belə ki, o, bioloji ritmlərin, bədəndə seratonin hormonunun azalması və melatonin hormonun balansının pozulması, yuxu və əhvali-ruhiyyənin pisləşməsinə gətirib çıxarır. Qışda Günəş şüaları kifayət qədər az olduğuna görə bəzi insanlar mövsümi dəyişikliyi hiss edib depressiyaya düşürlər. Bundan əlavə, qışda yaya nisbətən günün qısa, gecənin uzun olması ilə əlaqədar bədən kifayət qədər D vitamini almır, bu da immun sisteminin zəifləməsinə təsir göstərir. Bundan əlavə, havanın hərarəti endikcə bədənin soyuqla mübarizəsi üçün daha çox enerjiyə ehtiyacı olur, buna görə də qışda ilin digər dövrlərinə nisbətən çox qida qəbul edirik.


Medicina.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.


Sağlam qidalanma üzrə mütəxəssis bildirib ki, bir çox tədqiqatçıların fikrincə, fizioloji proseslərin mövsümi dəyişkənliyi gündəlik tezliyə bənzəyir, yəni bədənin vəziyyəti qışda və ya yayda gecə və gündüz kimidir. Yayla müqayisədə, qışda qan şəkərinin səviyyəsinin azalması, adenozintrifosfatın (ATP) miqdarının və xolestrolun artması, metabolizmin yavaşlaması çəki artımına səbəb olur.


Diyetoloq, həmçinin qışda çəki artımının qarşısını almaq üsullarından danışıb: "Yuxu, idman və təmiz hava həmişə insanlar üçün güc və sağlamlığın əsas mənbəyi olub. İlin soyuq mövsümündə bəzi məhsulların yüksək enerji potensialı olub onu bədənə ötürməsini, digərlərinin isə əksinə "enerji almaq” xüsusiyyətinə malik olduğunu bilmək lazımdır. Pəhrizə daxil edilməli olan ət və B4 vitamini ilə zəngin olan heyvan içalatı - qaraciyər, böyrək gərginlikdən əlavə, sinir hüceyrələrinin fəaliyyətini də yaxşılaşdırır. Orqanizmin gərginliyi bəzi mikroelementlərin miqdarından asılıdır. Məsələn, qaraciyərin və yumurtanın tərkibində olan mis beyin hüceyrələrinin və əzələlərin uzun müddət aktiv olması üçün vacibdir. Yaxşı enerji üçün də bədəndə sink və selen əhəmiyyətli bir tarazlıq daşıyır. Sink sərt pendirlər, xərçəng, krevet, qoz-fındıqlarda - xüsusən də püstə, günəbaxan tumlarında zəngindir. Selen brokkoli və dəniz məhsullarında daha çoxdur. Əzələ enerjisi birbaşa qırmızı ətlə qidalanmadan asılıdır. Toyuq ətindən fərqli olaraq, o, yüksək enerjiyə malikdir. Əlavə kalori qazanmamaq üçün əti soyutma və ya mətbəx sobasında bişmiş halda və çox göyərti ilə yemək lazımdır. Qış fəslinin əsas yeməyi isə şorbadır.


Əlbəttə ki, vitamin qəbulunu, əsas da B vitaminini unutmaq olmaz. Qəhvəyi düyü, yulaf, qarabaşaq, kəpək və buğda ununun B vitamini ilə zəngindir. Məhz onlar fol turşusu ilə birlikdə əzələ və sinir hüceyrələrinin yüksək fəaliyyətini təmin edir. Qidalanarkən təbii mövsümi məhsulları seçin. Kələm turşusu, sarımsaq C vitamini ilə zəngindir, çuğundur isə immunitet sistemi üçün bir növ "yanacaq” olan amin turşularından biri - qlutamin ehtiva edir. Buna ət və süd məhsullarını da aid etmək olar. İçərisində yağ yanma mexanizmini sürətləndirən və daha çox çəki verməyə kömək edən - yoğurt, qatıq, bərk pendir növləri kimi süd məhsullarının qida rasionuna daxil edilməsi tövsiyə olunandır. Elmi tədqiqatlar göstərir ki, bütün bunların tərkibi kalsium, fosfor və maqneziumdan ibarətdir. Ürək-damar xəstəliyi riskini azaltmaq üçün pəhrizə tam taxıl çörəyi, yulaf əzməsi, kəpək, meyvə və tərəvəz daxil edilməlidir”.


"Adətən yaz-yay aylarında çox su içirik, amma qışda su tələbatımızı unuduruq. Bir çox hallarda, insan sanki qida qəbul etmək istəyir, əslində bu, susuzluq olur və tez-tez aclıq hissi ilə qarışdırılır. Su metabolik proseslərdə iştirak edir və vücudumuzun ayrılmaz tərkib hissəsidir. Gündə 2 -2,5 litr su qəbul edin. Bu məsləhətlərə riayət edənləri qışda çəki artımı problemi narahat etməyəcək”, - deyə mütəxəssis diqqətə çatdırıb.