"Təqvim üzrə qış fəslinin davam etməsinə baxmayaraq, havanın mülayim keçməsi ilə yaz öz gəlişini tezləşdirməyə çalışır. Hazırda iqlim normasından 3,3 dərəcə yüksək olan temperatur rejimi daha çox mart ayının birinci həftəsi üçün səciyyəvidir".
Medicina.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, keçən il Su çərşənbəsində temperatur iqlim norması daxilində olub:
"Bu il isə bəzi bölgələrdə havanın temperaturu hətta 17 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Su çərşənbəsi adətən bölgələrdə çiskinli, dumanlı, yağıntılı hava şəraiti ilə səciyyələnir. Ancaq dəyişən iqlim şəraitində bütün ənənələrə “zidd” olaraq, bu il yağmursuz keçməklə daha fərqli olub. Elə buna görə də çaylarda sululuq norma göstəriciləri ilə müqayisədə 30 faizədək azdır”.