Rusiyada hər gün 80 insan QİÇS xəstəliyindən dünyasını dəyişir. Bu cür qalmaqallı məlumat bu günlərdə İsveçrənin "Neue Zuercher Zeitung” qəzetində dərc edilib.
Məqalədə qeyd olunur ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, Rusiyada vəziyyət nəzarətdən çıxaraq fəlakət dərəcəsinə gəlib çatıb. Məqalə müəllifinin məsələ ilə bağlı gətirdiyi rəqəmlər həqiqətən olduqca acınacaqlıdır: "Rusiyada əhalinin 1%-i QİÇS-ə yoluxub. Bu bir milyon adamdan çox deməkdir. 2017-ci ilin ilk yarısında QİÇS-dən 14631 adam ölüb. Bu, keçən ilin bütün dövründə eyni xəstəlikdən ölənlərin sayından 14% çoxdur. İnsanların bu cür sürətlə ölməsinə əsas səbəb onların vaxtında dərmanla təmin olunmaması və ya həkim tövsiyyələrinə qulaq asmamalarıdır”.
Təbii ki, Azərbaycanın Rusiya ilə sərhəd ölkə olduğunu nəzərə alsaq yaranmış vəziyyətin ölkəmiz üçün də təhlükəli olduğunu qaçılmazdır. Ümumiyyətlə, son statistik məlumatlardan belə məlum olur ki, QİÇS xəstəliyi ölkəmizdə də getdikcə artmağa başlayır. Təkcə nikaha daxil olmaq istəyən 7 nəfərdə bu xəstəlik aşkar edilib. Ümumilikdə isə ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin iyul ayının sonuna qədər müayinədən keçən şəxslər arasında 247, 2017-ci ilin 9 ayı ərzində isə 84 nəfərdə QİÇS aşkarlanıb.
Beləliklə, Rusiyada xəstəliyin tüğyan etməsi ölkəmizdə də narahatlıqla qarşılanıb. Bəs Rusiyadakı xəstəliyin mövcud vəziyyəti ölkəmizə nə dərəcədə təsir göstərə bilər? Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb:
"QİÇS xəstəliyi ilə bağlı müxtəlif dərmanlar var ki, onlar xəstəliyin inkişafını ləngidir və xəstənin ömrünü uzatmağa köməklik göstərir. Amma xəstəliyin tam qarşısını alacaq vasitə yoxdur. Xəstəliyin ölkəmizdə dinamikasının artmasının bir çox səbəbləri var. Hazırda 3 milyondan çox azərbaycanlı xaricdə yaşayır ki, bunun da böyük əksəriyyəti Rusiyanın payına düşür. Çoxlu sayda azərbaycanlı Rusiyaya gediş-gəliş edir, yəni miqrasiya durumundadır. Onların arasında evlənənlər də, təsadüfi cinsi həyat yaşayanlar da var. Azərbaycana bu xəstəlik daha çox Rusiyadan daxil olur. Çünki qeyd etdiyim ki, azərbaycanlıların təmasları ordadır. Bundan başqa, xəstəliyin müalicə olunmayan növü Rusiya həbsxanalarında yayılmağa başlayıb. Təbii ki, ölkəmizdə də xəstəlik artmağa başlayıb və statistik məlumatlar real vəziyyəti əks etdirmir. Məsələ təsadüfi və məcburi tibbi müayinələr zaman aşkarlanan statistikadan gedir. Əgər ölkədə bütün əhali müayindən keçsə əsl real vəziyyət ortaya çıxar. Tam əmin deyirəm ki, real rəqəmlər faktiki olan statistikanı xeyli üstələyər”.
Adil Qeybulla xəstəliklə bağlı öz tövsiyələrini də bildirib: "İnsanların özləri diqqətli olmalı, qoruyuculardan istifadə etməli, təsadüfi cinsi əlaqələrdən çəkinməlidir. Qanla yoluxan xəstəlik olduğu üçün diş həkiminin müayinəsində, müxtəlif cərrahi prosedurlarda ehtiyatlı olmalıdır. Eyni zamanda, narkomanlar eyni iynədən istifadə etdikləri üçün xəstəlik daha çox yayılmağa başlayıb və sairə. Bəzən insanlar cahillikdən bu xəstəliyə yoluxur, bəzən isə iradələrindən asılı olmayaraq kimlər tərəfindənsə yoluxurlar. Yəni bütün bunlar üçün profilaktik tədbirlər görülməli, əhali maarifləndirilməlidir. Dünyada bu xəstəliyin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. Ölkəmizdə isə sanki o insanlar taleyin ümidinə buraxılıb. Bu baxımdan ya praktik, ya da adekvat işlər görülmür”.