Dünyanın bir çox bölgəsində görülən fıstıq allergiyasının müalicəsi üçün ilk dəfə olaraq Avstraliyada körpələrə immun gücləndirici müalicə tətbiq olunacaq.
Medicina.az “ABC News”a istinadən xəbər verir ki, fıstıqlara qarşı immun gücləndirici oral müalicə ölkədə ilkin səhiyyə xidmətinə daxil edilib.
Avstraliyanın Milli Allergiya Ekspertizası Mərkəzi (NACE) və 5 ştatdakı 10 uşaq xəstəxanası ilə birgə hazırlanan layihə fıstıq allergiyası diaqnozu qoyulmuş və həmin xəstəxanalardan birində müalicə alan 12 aylıqdan kiçik körpələrə tətbiq ediləcək.
Müalicə çərçivəsində körpələrə fıstıq tozunun digər qidalarla qarışdırılaraq məhdud miqdarda verilməsi və zamanla bu miqdarın artırılması planlaşdırılır.
Bəzi körpələrdə allergik reaksiyalar kimi yan təsirlərin ola biləcəyi bildirilir. Lakin həmin əks təsirlər bu yaş qrupunda olanlarda yüngül şəkildə üzə çıxır və müalicə tələb etmir.
Bundan əlavə, körpələrin müalicəsi tamamlandıqdan sonra ediləcək qida allergiyası testi müalicənin müvəffəqiyyətli olub olmadığını göstərəcək. 12 ay ərzində ediləcək rutin yoxlamalar isə uşağın gələcək həyat keyfiyyətinin və müalicənin uzunmüddətli nəticələrinin qiymətləndirilməsinə kömək edəcək.
NACE-nin professorlarından Kirsten Perrett bildirib ki, fıstıq allergiyası diqanozuna Avstraliyada çox rast gəliir.
“Bu diaqnoz qoyulan körpələrin həyati təhlükəsi olan vəziyyətlər yaşamadan məktəbdə yemək yeyə bilmələri ən böyük hədəfimizdir” – deyə professor qeyd edib.
Aysel