DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib.
Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib: “Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin giriş yanında idim. Heç bir şübhəli məqam yox idi.
Helikopterin hamısı təzədir. Hər bir şeyi yoxlanılmışdı. O an mənim üçün saniyələr idi. Küləklə heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə külək günortadan sonra olmalı idi”.
Emil Cəfərov bildirib ki, Fizuli Cavadov birinci dərəcəli pilotdur:
“Bu insan hər birimiz üçün canlı əfsanə idi. Təcrübəli işğaldan azad edilmiş ərazilərdə daim döyüş tapşırıqlarını yerinə yetirirdi. Uçuş icazələrinə görə hər ikisi ən yüksəkdə idi. Mİ-17 dünyada ən universal helikopterlərdən biridir. Bunlardan II Qarabağ müharibəsində də istifadə olunub. Döyüşlərdə iştirak ediblər. Təlim poliqonuna gələndən sonra hamı öz yerini tuturdu. Ondan sonra döyüş atışlarına başlayırdılar. Biz təlim zonasına gəlirdik ki, qəza baş verdi”.
Kapitan Ramil Ədilov bildirib ki, biz eniş gələndə birdən-birə idarəetməni itirdik: “Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki burdayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi”.