Qeysəriyyə kəsiyi əməliyyatının azaldılması üçün səmərəli sistem olan "Robson təsnifatı” ilə bağlı seminar-konfrans öz işinə başlayıb.
Medicina.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Respublika Perinatal Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yerli ofisi birlikdə Respublikanın bütün şəhər və rayonlarından 120 mama-ginekoloq və müxtəlif qurumlardan bu mövzu ilə əlaqədar yerli və beynəlxalq tərəfdaşlar üçün "Robson təsnifatı” ilə bağlı seminar-konfrans keçirəcək.
Ölkə üzrə ilk dəfə keçiriləcək bu seminar-konfransın məqsədi son illərdə dünyada və ölkəmizdə kəskin şəkildə artan qeysəriyyə əmsalının müqayisəsi və monitorinqi vasitəsi olan "Robson təsnifatı”nın öyrənilməsi və onun səhiyyə müəssisələrində tətbiqinə yardım etməkdir.
ÜST 2015-ci ildə səhiyyə müəssisələrinin daxilində və müəssisələr arasında qeysəriyyə əmsalının qiymətləndirilməsi, monitorinqi və müqayisə edilməsi üçün qlobal standart kimi "Robson təsnifatı”ndan istifadə edilməsini təklif edib.
Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, "Robson təsnifatı”ndan istifadə olunması səhiyyə müəssisələrində qeysəriyyə əmsalına təsir göstərən qadın qruplarını müəyyənləşdirməyə və bu qrupların nəticələrini təhlil etməklə doğuşayardım xidmətinin keyfiyyətini qiymətləndirməyə yardım edəcək. Bu sistem həmçinin toplanmış məlumatların əhəmiyyəti, şərhi və istifadəsi ilə bağlı heyətin maarifləndirmə səviyyəsini artırmağa öz töhfəsini verəcək.
Qeysəriyyə kəsiyi əməliyyatı dünyada, xüsusilə yüksək və orta gəlirli ölkələrdə artan templə davam edən ən geniş yayılmış əməliyyat növlərindən biridir. İnsan həyatını xilas etməsinə baxmayaraq, bu əməliyyat çox vaxt tibbi ehtiyac olmadan aparılır, bu da qadınlar və körpələr üçün qısa və uzunmüddətli sağlıq problemləri ilə üzləşmə riski yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı hər xəstənin düşdüyü vəziyyətə uyğun ehtiyaclarını qarşılamağın əhəmiyyətini vurğulayıb və yalnız tibbi zərurət yarandıqda bu əməliyyatı tövsiyyə edir.