Kamforalı spirtə, yəqin ki, hər evin "apteçka”sında rast gəlinir. Çünki bu vasitə xalq təbabətində geniş istifadə olunur. Qulaq iltihabı, akne, artrit – bu, kamforalı spirtin tətbiq edildiyi xəstəliklərin kiçik bir hissəsidir.
Medicina.az xəbər verir ki, bitki tərkibli olmasına baxmayaraq, kamforalı spirt bir sıra əks göstərişlərə malikdir. Buna görə də bu vasitəni istifadə zamanı göstərişlərə ciddi əməl etmək lazımdır. Spirtli kamfora öz farmokoloji tərkibinə görə, tibdə olduğu kimi kosmetologiyada da geniş tətbiq edilir.
Kamforalı spirtin tərkibi kamfora bitkisinin yarpaqlarından, etil spirtindən və distillə olunmuş sudan ibarətdir.
Kamforalı spirt antiseptik, qıcıqlandırıcı, analeptik, ağrikəsici, iltihabəleyhinə təsirlərə malikdir. Bundan əlavə o, toxumalarda gedən metobolik prosesləri və qan dövranını gücləndirir. Preparat xəstəliktörədən mikrobları məhv edir, hüceyrələrdə gedən iltihabi prosesləri azaldır.
Buna görə də spirtli kamforanı patogen bakteriyalarla mübarizə aparan universal maddə adlandırmaq olar.
Spirtli kamforanı aşağıdakı hallarda tətbiq etmək olar:
•Qulaqda gedən iltihabi proses zamanı;
•Qulaq tıxanması;
•Oynaqlarda olan ağrılar;
•Nevralgiya (sinir ağrısı);
•Bel ağrısı (radikulit);
Spirtli kamforadan yalnız xalq təbabətində deyil, o cümlədən də həkim-kosmetoloqların tövsiyyəsi ilə üz qulluğunda geniş istifadə edilir. Əsasən də sızanaqların təmizlənməsində ona müraciət edilir.
Spirtli kamforanı təmiz halda üzə vurmaq düzgün deyil. Onun tərkibinə bir sıra digər maddələr əlavə edilərək məlhəm hazırlanır.
Onlardan bir neçəsinin reseptini təqdim edirik:
1) Kiçik qabda 5 tablet streptosid, 2 tablet levomisetini əzin. Alınan toza 40 ml spirtli kamfora və 15 ml salisil turşusu əlavə edib qarışdırın. Alınan məlhəmi təmiz üzə gecə çəkin. Müalicə kursunun müddəti 7-10 gündür.
2) Bor, salisil turşusu və kamforalı spirti 2:1:2 nisbətində qarışdırın. Bu vasitə ilə üzünüzü səhər-axşam silin. Müalicə kursunun müddəti 10-14 gündür.
Bu vasitələr üzdə olan sızanaqları sağaldaraq onların yenidən əmələ gəlməsinin qarşısını alır.
Arzu
Medicina.az