Qəhvəni isti, yoxsa soyuq içmək daha faydalıdır?
Medicina.az xəbər verir ki, “Daily Mail"ə danışan ABŞ-ın "Memorial Hermann Hospital of Sugar Land”də çalışan kardioloq Məcid Basit və endokrinoloq Eva Kvinar bu suala cavab veriblər.
Onlar bildiriblər ki, isti qəhvə daha çox antioksidant ehtiva edir. Bunlar bədəndə iltihabı azaldır. Həkimlər antioksidantların sərbəst radikalları aradan qaldıraraq oksidləşmə prosesini maneə törədən təbii birləşmələr olduğunu diqqətə çatdırıblar.
Sərbəst radikallar və ya oksidləşdirici maddələr insan orqanizmində baş verən çoxsaylı proseslərin əlavə məhsullarıdır. Onların yığılması hüceyrələrə zərər verir və ürək xəstəliyi, Alzheimer, böyrək çatışmazlığı, xərçəng kimi təhlükəli sağlamlıq problemlərinə səbəb olur. İsti qəhvə sərbəst radikalları daha effektiv şəkildə aradan qaldırır.
2018-ci ildə “Scientific Reports” jurnalında dərc edilən bir araşdırma soyuq qəhvənin daha az antioksidant ehtiva etdiyini göstərib.
Bununla belə, soyuq və ya buzlu qəhvənin də faydaları var.
Endokrinoloq Kvinarın sözlərinə görə, soyuq qəhvənin tərkibində daha yüksək səviyyədə maqnezium və xlorogen turşular adlanan xüsusi antioksidantlar olur:
"Onlar qan şəkərinin səviyyəsini tənzimləməyə və qan təzyiqini normallaşdırmağa kömək edir, bu da ürək xəstəliklərinin inkişaf riskini azaldır. Bundan əlavə, buzlu qəhvənin həzm pozğunluğuna səbəb olma ehtimalı daha azdır".
Aysel