Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə Qəbələ rayonunda ödənişsiz onkoloji müayinələr keçirilib.
Medicina.az xəbər verir ki, Fonddan apa-ya verilən məlumata görə, profilaktik onkoloji müayinələri Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyevin başçılıq etdiyi 12 nəfərlik həkim briqadası aparıb.
Müayinələr müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin, Qəbələ Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilib. Layihə çərçivəsində 300-dən çox region sakini qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrə cəlb olunub, xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.
Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.
RİİB nümayəndələri və könüllüləri müayinələrə ehtiyacı olan şəxslərin layihədə iştirakını təşkil ediblər. Qeyd edək ki, "Regional İnkişaf” İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən onkoloji xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı daxil olan müraciətlər üzrə bu günədək müxtəlif layihələr, o cümlədən ödənişsiz tibbi müayinələr həyata keçirilib.