Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbələdə biznesmenin müəmmalı ölümü: 4 reanimatoloq məhkəməlik oldu- günahkar köməyə gələn həkim çıxdı

  • 2024.05.13 15:12
  • 2842 Baxış
Qəbələdə biznesmenin müəmmalı ölümü: 4 reanimatoloq məhkəməlik oldu -  günahkar köməyə gələn həkim çıxdı

Qəbələ Mərkəzi Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı yanvar ayından başlayan məhkəmə prosesi başa çatıb. Xəstəxananın 4 həkiminin ittiham olunduğu iş üzrə verilən qərara əsasən, yalnız 1 nəfər - 30 ildir reanimatoloq işləyən Vahid Babayev cəzalandırılıb. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Maraqlısı isə odur ki, xəstəni əməliyyat edənlər - anestezioloq, reanimatoloq, cərrah və assistenti məsuliyyətdən yaxa qurtara biliblər. Cəzalandırılan isə bu əməliyyata aiddiyatı olmayan, sadəcə, köməyə çağırılan qocaman həkimdir.

Medicina.az hadisəni və məhkəmə materiallarını araşdırıb. Eyni zamanda ölüm hadisəsinə görə cəzalandırılan Vahid Babayevdən baş verənlərlə bağlı açıqlama alıb.

Qeyd edək ki, Vahid Babayev 1995-ci ildən həkim-anestezioloq işləyir. O, 10 il Qəbələ Mərkəzi Xəstəxanasında şöbə müdiri olub. Yüzlərlə xəstənin əməliyyatında iştirak edib, onlarla həkim yetişdirib. Sonradan V.Babayev yaşla əlaqədar şöbə müdirliyindən istefa verib və təqaüdə çıxıb. Onun yerinə TƏBİB tərəfindən xəstəxanaya göndərilən Azər Söhbətov təyin edilib. Sonradan tələbatlı həkim olduğu üçün müqaviləli şəkildə xəstəxanada işləməyə davam edib.

Xəstə niyə öldü?

Ötən ilin yanvar ayında Süleymanlı Murad Oqtay oğlu səhhətindəki problemlə əlaqədar Qəbələ RMX PHŞ-yə müraciət edib. O, əməliyyat öncəsi anestezioloq-reanimatolq Həyat Ədilova tərəfindən müayinə olunub, protokol tərtib edilib və xəstəyə həmin sənədə imza atdırılıb. Ancaq Həyat həkim istirahətdə olduğu üçün əməliyyata digər anestezioloq Telman Sərkərov girib. O, xəstəyə anesteziya üçün preparatları vurdurub, amma nədənsə özünü pis hiss etdiyini deyərək, xəstəni əməliyyat masasında qoyaraq, əməliyyatxanadan çıxıb. Bu səbəbdən əməliyyata digər həkim-anestezioloq Azər Söhbətov çağırılıb. O, artıq xəstənin halının pisləşdiyi və əsdiyini görərək intubasiya etməyə başlayıb.


Tibb bacıları, həkimlər əl-ayağa düşüb və şöbəyə kömək üçün qaçıblar. Bu zaman evə getməyə hazırlaşan Vahid həkimi liftin yanında görüb, köməyə çağırıblar. Həkim hətta geyimini dəyişməyə imkan tapmadan əməliyyat blokuna girib və gördüklərindən dəhşətə gəlib:

“İçəri girəndə gördüm ki, şöbə müdiri Azər əlində larinqoskop xəstəni intubasiya etməyə çalışır. 2 dəfə cəhd etmişdi, amma intubasiya etmək mümkün deyildi. Mən onu dayandırdım və özüm cəhd etdim. Amma gördüm ki, ciddi spazm var və xəstənin həyat göstəriciləri sürətlə düşür. Bildirdim ki, intubasiya alınmır. Xəstənin ağzı, boğazı qanlı seliklə dolu idi. Onu təmizləyib süni tənəffüs verməyə başladım. Dedim ki, xəstəni narkozdan ayıltmaq lazımdır. Telman və Azər orda idilər. Telmanın göstərişi ilə xəstəyə iynələr vuruldu. Tənəffüsü bərpa etmək üçün troxostomik trubka gec qoyuldu və düzgün icra edilmədi.

Cərrah Elşad Abdullayev və Rusiya vətəndaşı olan, əməliyyata qeyri-qanuni girmiş oğlu ümumiyyətlə, heç nə edə bilmədilər. Xəstənin göstəricilərini bərpa etmək mümkün olmadı və öldü. Ailə şikayət etdi, prokurorluq araşdırmaya başladı və mənə də səhlənkarlığa görə cinayət işi açıldı. 3 dəfə ekspertiza keçirildi. Guya onlar mənin günahkar olduğumu sübuta yetirdilər.

Məhkəmədə mübahisəli məqamlar olduğu üçün bu dəfə ekspertiza araşdırmanı və kimin təqsirkar olmasını müəyyənləşdirməyi məhkəməyə - hakimin öhdəsinə buraxdı.

Həm xəstəxanada, həm də sonradan bütün epikriz, sənədlər saxtalaşdırıldı, yalançı şahidlər gətirildi və məhkəmə mənim sübutlarımı nəzərə almadı”.

Vahid Babayev 30 illik təcrübəsində xəstə itkisi olmadığını bildirib:

“Bu vaxta qədər mənim təcrübəmdə belə bir hadisə olmayıb. O xəstə İsmayıllıdan idi. Onun 5-6 qohumunun əməliyyatını elə mən özüm etmişəm. Qanuni olaraq xəstəyə cavabdeh Azər və Telmandır. Onlara həkim deməyə də artıq dilim gəlmir.

Xəstəni bütün protokollara uyğun olaraq birinci cərrah görür, əməliyyata göstəriş varsa, analizlərə göndərir. Sonra anestezioloq dəvət edir və xəstənin klinik vəziyyətini dəyərləndirir: bu xəstəni əməliyyata götürmək olarmı, risk varmı, xəstəyə hansı anesteziya verilməlidir, dərmanlara allergiya varmı? Xəstənin anamnezi toplanır. Anestezioloji protokol tərtib olunur, xəstəyə izah olunur ki, əməliyyat gedişində hər şey ola bilər. Xəstə də riskləri nəzərə alaraq, sənədə imza atır və əməliyyata razılıq verir. Bu ardıcıllıq xəstədə düzgün aparılmayıb. Sənədlərdən də görünür ki, xəstə epilepsiyalı olub. Ola bilər, narkoz verilən kimi qıcolmalar başlayıb, tənəffüs yolu spazm verib. Xəstəyə cavabdeh birbaşa cərrahdır. Amma bizdə ölüm olan kimi cərrahlar kənara çəkilir, anestezioloqdan yapışırlar. Narkoz dərmanları xəstəyə uyğun seçilməyib, narkoz protokollarında sonradan düzəlişlər olunub.

Təəssüf ki, cinayətin gizlədilməsinin bir səbəbi də əməliyyat blokunda kameraların işləməməsi və baş verənlərin çəkilməməsidir. O cərrahın Rusiyada oxuyan oğlu dəfələrlə qeyri-qanuni şəkildə əməliyyatlara assistent kimi girib. Amma ifadə verir ki, yox, aparatlara baxmağa gəlmişdim. Halbuki xəstənin yanında həkim geyimində idi. Kamera yoxdur ki, sübut edim. Səsyazıları vəkil təqdim edir, hakim nəzərə almır.”.

Həkim hadisədən sonra digər həkimlərin əlbir olub, onu “qurban seçdiklərini" dedi:

“Şöbədən pul yığdılar ki, ekspertizaya versinlər. Buna dair səs sübutum var. Öz aralarında danışıblar ki, onsuz da Vahid qocadır, təqaüddədir, elə onun boynuna ataq. O biri həkimlərin maddi imkanları var. Biri cərrahdır, Azərin qardaşları biznesmendir. Başqa birinin əmisi oğlu Apellyasiya Məhkəməsində işləyir. Açıq şəkildə deyirdilər ki, biz beləyik, səni basdıracağıq. Bütün xəstəxana deyirdi ki, Vahid həkimin torbasını tikdilər”.


Vahid Babayev deyir ki, dünyasını dəyişən pasiyentin yaxınları da məhkəmə qərarı ilə razı deyillər və düzgün araşdırma tələb edirlər:

“Ailə deyirdi ki, bu qocanı niyə gətirib təqsirkar kimi burda otuzdurmusuz? Digər 3 həkim niyə gəlmir? Tələb edirlər ki, birinci narkoz verənə cəza verilsin. Təəssüf ki, məhkəmə qərəzli oldu. İndi ümid Apellyasiya Məhkəməsinədir. Onlar heç olmasa, ədalətli baxar.

Bilirsiz, biz həkimik, xəstəxanada, yolda, ümumiyyətlə, harda olursa-olsun, xəstəyə yardım üçün getməli və son ana qədər çalışmalıyıq:



"Amma təbii ki, bu hadisə məni peşman etdi. Bilsəydim ki, şərlənəcəm, əsas günahkarlar kənarda qalacaq, həmkarlarımın köməyinə yetməzdim”.



Məsələ ilə bağlı Qəbələ Mərkəzi Xəstəxanasının baş həkimi Cəmil Ələkbərovla əlaqə saxladıq. Baş həkim məsələdən xəbərdar olduğunu desə də, açıqlama verməkdən imtina etdi. O, yalnız bunları deməklə kifayətləndi:

“Hadisə mən orda baş həkim olmadığım dövrdə baş verib. Ona görə də açıqlama verə bilmərəm. Amma bir xəstəxananın 4 reanimatoloqunun məhkəmə araşdırmasında olması əlbəttə ki, işimizə təsirsiz ötüşmür”.

Əldə etdiyimiz məlumata görə, sözügedən ölüm hadisəsindən sonra da eyni anestezioloqların narkoz verdiyi 2 xəstənin vəziyyəti ağırlaşıb.
Baş həkim hadisələri aktlaşdırıb və müvafiq orqanlara təqdim edib.





Aygün Musayeva
MEDİCİNA.AZ