Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qazilərin gücləndirilməsi layihəsi"nə başlanıldı - İcbari Tibbi Sığortanın Türkiyə ilə birgə layihəsi

  • 2022.03.02 17:16
  • 2075 Baxış
“Qazilərin gücləndirilməsi layihəsi"nə başlanıldı -  İcbari Tibbi Sığortanın Türkiyə ilə birgə layihəsi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), fəxri sədri Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğan olan İctimai İnkişaf Mərkəzinin Təhsil və Sosial Həmrəylik Dərnəyi (Togem-Der), eləcə də Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Ankara Ticarət Palatasının təşkilatçılığı ilə “Qazilərin gücləndirilməsi layihəsi”sinin onlayn təqdimatı keçirilib.



Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcı, Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri, millət vəkili Mihrimah Belma Satır, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Ankara Universitetinin Tibb elmləri fakültəsinin dekanı Əminə Özmete, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran və Togem-Der İdarə Heyətinin sədri Füsun Türken Uysal açılış nitqləri ilə çıxış ediblər.



Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik və bacarıqlarının artırılması, həmçinin bu sahədə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi və psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaq olub.



Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası tərəfindən müxtəlif sahələrdə olduğu kimi, səhiyyə sahəsində də göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Agentliyin qardaş Türkiyənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mütəmadi olaraq səfər və görüşlərin təşkil edildiyini diqqətə çatdırıb. Birgə həyata keçirilən “Qazilərin gücləndirilməsi layihəsi”nin bu əməkdaşlığın bariz nümunəsi olduğunu deyib.



Z.Əliyev bildirib ki, Vətən müharibəsi iştirakçılarına psixiatrik və psixoloji yardımın göstərilməsi ilə bağlı təşkil edilən müayinə aksiyasında məhz Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkim-psixiatrlar tərəfindən Bakı şəhərində 100-dən çox şəxsə xidmət göstərilib.




Qeyd edək ki, 3 mərhələdən ibarət olan layihənin ilk mərhələsində Ankara Universitetinin 10 təlimçisi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində çalışan psixoloq və psixiatrlar, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssislərindən ibarət 70-dən çox əməkdaşa onlayn təlimlər keçiriləcək. 01-11 mart tarixlərini əhatə edəcək psixososial təlim proqramı “Böhranlara müdaxilə", "Özünə zərər vermə davranışlarının qarşısının alınması" və "İlkin psixoloji yardım" kimi əhəmiyyətli mövzuları əhatə edir.

Layihənin ikinci mərhələsinin cari ilin aprel ayında ölkəmizdə təşkil olunması nəzərdə tutulur. Belə ki, Türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti təlimdə iştirak etmiş şəxslərlə görüşlər keçirəcək və öyrədilən biliklərin təhlilini aparacaq.


Sonuncu mərhələdə isə onlayn iclaslar vasitəsilə iştirakçılar nəticələri müzakirə edəcək və layihənin səmərəliliyi qiymətləndiriləcəkdir.