Körpələrin keçirdiyi meningit, ensefalit kimi infeksiyalar, xüsusən baş beyində aşkar olunan virus infeksiyaları gələcəkdə həmin insanda aqressiv davranışa səbəb olur.
Medicina.az xəbər verir ki, Karolin ştatının nevrologiya və psixiatriya institutunun mütəxəssisləri yeni elmi araşdırmalarının nəticələrinə görə qatı cinayət törədən şəxsləri bu cür aqressiv davranışa sövq edən səbəblərdən biri də həmin insanların körpəlikdə 1 yaşa kimi keçirdiyi bir sıra infeksion xəstəliklərdir. Həmin dövrdə baş beynin intensiv inkişafı getdiyindən beynin bir sıra sahələri zədələnir.
Eksperimentdə 1973-1995-ci illərdə İsveçdə doğulmuş 2,2 milyon insanın məlumatları analiz olunub. Onların tibbi məlumat bazasında 1 yaşından 14 yaşına kimi hansı infeksion xəstəliklər keçirdikləri xüsusi araşdırılıb.
Daha sonra polis informasiya bazasından bu insanlar arasında 15-38 yaş dövründə cinayət törətmiş şəxslərin məlumatları alınıb. 85% hallarda cinayətlər kişilər tərəfindən törədilib.
Alimlər bütün əldə olunmuş informasiyaları cəmləyib, təhlil etdikdə, məlum olub ki, uşaqlıqda infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmiş insanların qatı cinayətə meyilliliyi 15% artıb. Əgər infeksiya 1 yaşına kimi orqanizmi zədələyibsə, bu risk 20%-ə qalxır.
Əgər infeksiya mərkəzi sinir sistemini zədələyibsə, aqressiyaya meyillik, zorakılıq və cinayət 26%-i keçib.
Alimlər bu halların uşağın böyüdüyü ailənin sosial statusu, maddi vəziyyəti, keçmişi, genetikası ilə bağlı olmadığını da bildirib.
" Bu təcrübələr onu göstərdi ki, uşağın gələcəkdə qatı cinayətkar olmasında valideyn, genetika və maddiyyat faktorundan çox, keçirilmiş infeksiyalar rol oynayır. Körpə doğulduqdan sonrakı ilk 1 il baş beyin və davranışların inkişafı üçün əsas mərhələdir. Bu dövrdə ağır infeksiyalar mərkəzi sinir sistemini zədələyir, beynin aqressiya və zorakılığa reaksiya verən hissəsi daha çox əziyyət çəkir. Bu da gələcəkdə fürsət düşdükdə həmin insanın cinayətə meyilliyini artırır”.