Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qasıq yırtığı yarımçıq uşaqlarda daha çox rast gəlinir

  • 2017.10.23 10:19
  • 53736 Baxış
Qasıq yırtığı yarımçıq uşaqlarda daha çox rast gəlinir
Uşaq cərrahı Murad Əlibəyov

 

Qasıq yırtığı valideynlər arasında daha çox "qrıja", hidrosele isə  "vodyanka və ya xayalığa su yığılması" kimi tanınır.


Valideynlər nəyə diqqət yetirməlidirlər:


Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbini başa düşmək üçün mütləq bətindaxili dövrdə xayanın xayalığa enmə prosesini nəzərdən keçirmək lazımdır.


Belə ki, bətindaxili dövrdə qarın boşluğundan ayrılan peritonun yataq çıxıntısı (processus vaginalis) adlandırdığımız struktor həm qasıq kanalının formalaşmasına kömək edir, həm də xayanın xayalığa enməsi üçün yol açır. Xaya bu yolla xayalığa endikdən sonra isə peritonun yataq çıxıntısı obliterasiyaya uğrayır, yəni bağlanır. Daha sadə dillə desək bətindaxili dövrdə qarın boşluğu ilə qasıq bölgəsi arasında bir yol olur və xaya xayalığa endikdən sonra bu yol bağlanır. Hamiləlik dövründə dölə təsir edən hər hansı daxili və ya xarici amillərin təsirindən bu yol bağlanmır və uşaq anadan olduqdan sonra qarındaxili orqanlardan nazik və yoğun bağırsağ ilgəkləri, böyük piylik, qız uşaqlarında həm də yumurtalıqlar bu yoldan keçərək qasıq və ya qasıq-xayalıq nahiyyəsində sişkinliyin əmələ gəlməsi şəklində özünü biruzə verir.


Vaxtında doğulmuş uşaqlarda bu patologiya 3-5% hallarda, yarımçıq doğulan uşaqlarda isə 10-30% hallarda rast gəlinir.

 

Qasıq yırtığının diaqnozu ilk olaraq valideyin tərəfindən qasıq nahiyyəsində şişkinliyin görülməsi ilə qoyulur. Bu şişkinlik adətən yumşaq olur, ya öz-özünə ya da əllə yüngül təzyiq etdikdə qarın boşluğuna qayıdır. Yırtığın ən təhlükəli vəziyyəti onun boğulmasıdır. Bu zaman qasıq nahiyyəsində əmələ gələn şişkinlik bərk və gərgin olur, əllə təzyiq etdikdə öz yerinə qayıtmır. Buna səbəb qasıq kanalının xarici dəliyindən çıxan yırtıq möhtəviyyatının (bağırsağ ilgəyi, yumurtalıq) burda sıxılması nəticəsində ödəmləşməsi və geriyə qayıda bilməməsidir. Buzaman uşaqda ağlama, ümumi narahatçılıq və qusma halları qeyd edilir. Sıxılma nəticəsində yırtıq möhtəviyyatını təşkil edən orqanlarda qan dövranı pozğunluğu əmələ gəlir, bu hal aradan qaldırılmarsa bu, orqanların zədələnməsinə (qanqrenasına) gətirib çıxardır. Qız uşaqlarında yırtıq möhtəviyyatını bəzən yumurtalıq təşkil edə bildiyindən daha çox ehtiyatlı olmaq lazımdır.


Qasıq yırtığının müalicəsi yalnız və yalnız cərrahi üsulladır. Yüksək anasteoloji xidmətlər sayəsində yırtığın ləğvi əməliyyatı uşağın 6 aylığından sonra planlı şəraitdə icra edilir. Əməliyyat kosmetik şəraitdə qasıq nahiyyəsində icra edilən 1-2 sm-lik kəsiklə aparılır. Əməliyyatdan 5-6 saat sonra xəstə evə yazılır. Yırtığın boğulma halı olduqda uşağın yaşından asılı olmayaraq təcili cərrahi əməliyyat icra olunmalıdır. Əks halda yırtıq daxilində yerləşmiş orqanın zədələnməsi baş verə bilər. 

 

Hidroseli zamanı isə yırtıqdan fərqli olaraq qarın ilə xayalıq arasında olan yol dar olur və bura qarındaxili orqanlar daxil ola bilmir. Ama yol mövcud olduğuna görə qarındaxili maye xaya qişalarının arasına yığılır. Valideynin əsas şikayəti uşaqda axşama doğru xayalıqdakı şişkinliyin artması, səhərlər isə şişkinliyin olmamasıdır. Bununda səbəbi uşaq yatdıqda horizontal vəziyyət ilə əlaqədar olaraq xayalığa yığılan mayenin geriyə qarına qayıtmasıdır. 1 yaşına kimi uşaqlarda yolun bağlanma və mayenin sorulma ehtimalı olduğuna görə belə  uşaqlar  nəzarətdə saxlanılır. 1 yaşdan yuxarı isə uşağın aktivliyinin artması ilə əlaqədar xayalığa maye yığılması da artır. Buna görə də əməliyyat vasitəsilə hidroselinin ləğvi məsləhət görülür. Əməliyyat kosmetik şəraitdə qasıq nahiyyəsində icra edilən 1-2 sm-lik kəsiklə aparılır. Əməliyyatdan 5-6 saat sonra xəstə evə yazılır.

 


Qasıq yırtığı yarımçıq uşaqlarda daha çox rast gəlinir
Qasıq yırtığı yarımçıq uşaqlarda daha çox rast gəlinir