Yay mövsümü gəldiyindən insanlar ən çox bostan bitkiləri ilə qidalanır. Ekspertlər isə bildirir ki, qarpızı yemək hələ ki, tezdir, bunun üçün iyulun axırını, avqustun əvvəlini gözləmək lazımdır.
Medicina.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Moderator.az-a açıqlamasında bildirib ki, bitkiləri yetişdirərkən ziyanvericilərə qarşı vurulan dərmanlar bitkilərə təsirsiz ötüşmür:
"Ümumiyyətlə, ziyanvericilərə qarşı vurulan dərmanlar bitkilərə də təsir edir. Bu nəinki bitkilərdə, meyvə ağaclarında da eyni hal baş verir. Digər tərəfdən bitkiyə verilən gübrələr də buna səbəb olur. Bunların içində azot gübrələri də var. Bunlar bitkilərə çox verildikdə, əlbəttə onlar da insan orqanizminə zərərsiz ötüşmür. Bu baxımdan da bəzi meyvələri kəsərkən diqqətli olmaq lazımdır. Qarpız əgər kəsilərkən partlamırsa, bu o deməkdir ki, qarpız ya yetişməyib, ya da tərkibində müxtəlif dərmanlar var. Qarpızın tərkibində damarlar dediyimiz strukturlar var və onların sayı çox olduqda belə qarpızları yemək məsləhət deyil”.