Qarın nahiyəsində ağrı, iştahanın pozulması, ürəkbulanma, qusma və digər simptomlar mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləridir.
Ağrılar, əsasən, yemək yeyən zaman və ya yeməkdən 2-3 saat sonra ola bilər. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar qəbul etməyə tələsmək lazım deyil. Çünki ağrıların müxtəlif dərmanlar vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola, cərrahi əməliyyat aparmaq lazımdırsa, ləngidə bilər.
Medicina.az xəbər verir ki, bu səbəbdən mədə-bağırsaqda şiddətli ağrı olduqda həkimə müraciət edilməlidir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə pəhrizin saxlanılması vacib şərtlərdəndir. Belə ki, mədə-bağırsaq problemi zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Xəstəliyin əlamətlərini nəzərə alaraq əsasən süd məhsulları, tərəvəz və meyvə şirələrinə üstünlük verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan qidalardan, əsasən, çox ədviyyatlı yeməklərdən çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox, inyeksiya ilə qəbul edilsin.
Uşaqlarda xəstəliyin əsas əlamətləri yüksək hərarət, mədə-bağırsaq sisteminin pozulması və iştahsızlıqdır. Qastroenterit adlanan bu infeksiyanın yaranmasının əsas səbəbləri düzgün qidalanmama, gigiyenik qaydalara riayət olunmamasıdır. Onların sağlam qidalanmasına xüsusi diqqət yetirmək lazımdır. Uşaqlara çoxlu maye içizdirmək, meyvə-tərəvəz vermək məsləhətdir. Əgər ishal gün ərzində 4 dəfədən çox deyilsə və temperatur çox yüksəlmirsə, uşağa yataq rejimində bol maye verməklə və düzgün qidalanma ilə xəstəliyi müalicə etmək olar. Bu zaman virus 3-5 günə keçib gedəcək. Uşaqlar üçün yemək hazırlayarkən tam əmin olmaq lazımdır ki, yumurta və ət yaxşı bişsin, içdikləri su və yedikləri meyvə-tərəvəz təmiz olmalıdır. Uşaqlar gün ərzində ən azı 1 saat açıq havada gəzməlidir.
İmmun sistemi zəif olan uşaqlar viruslara daha tez yoluxur. Bu səbəbdən də onların qida rasionuna diqqət yetirilməlidir. Eyni zamanda uşaqlarda mədə-bağırsaq sistemini tutan viruslardan qorumaq üçün onları tez-tez əl yumaq vərdişinə alışdırmaq tövsiyə olunur.