Bütün dünyada, eləcə də Azərbaycanda orqan transplantasiyasına tələbat artır, daha çox insan orqan çatışmazlığı ilə üz-üzədir. Ölkəmizdə orqan transplantologiyası üzrə peşəkar cərrah Mircəlal Kazımi bu vaxta kimi 750 orqan köçürülməsi əməliyyatını gerçəkləşdirib. Təəssüf ki, son zamanlar qaraciyər çatışmazlığı uşaq və gənclərdə baş verir. Bunun qarşısını almaq mümkündürmü?
Medicina.az “Süfrəm”dərgisinə istinadən, qaraciyər və qidalanma ilə bağlı Mircəlal Kazıminin müsahibəsini təqdim edir:
- Təəssüflər olsun ki, bazarda, piştaxtalarda zərərli qidalar ciddi mənada artıb.
- Zərərli qidaların böyük qismi reklam olunur.
- Son illər orqan transplantalogiyasına ehtiyacın artmasının əsas səbəbləri hansılardır? Qidalanmağımızın orqan çatışmazlığına səbəb olması fikrini təsdiq edə bilərsinizmi?
- Bəli, qəbul etdiyimiz içkilər, qidalar birbaşa qaraciyərə təsir edir və bu elmi araşdırmalarla müasir tibdə artıq sübut olunub. Biz hər bir transplantoloji əməliyyatdan sonra orqandan histoloji müayinəyə material göndəririk. Bu analizin nəticəsi göstərir ki, təxmini olaraq bu orqan nədən sıradan çıxıb.
Qaraciyər üzrə böyük bir qism toksik zədələnmə şübhəsi ilə çıxır. Toksik zədələnmələr qidalara, eləcə də insanın iş şəraitinə bağlıdır. İş yerində toksik boyalar, kimyəvi maddələrlə işləyənlərdə qaraciyər toksiki yüksəlir. Məsələn, 2 pasiyentimiz var ki, rəssamdır, rənglərdə olan zəhərli maddələr qaraciyərə təsir etmişdi. Onlardan peşələri ilə bağlı soruşanda, məlum oldu ki, evdə emalatxanada işləyirlər. Buna görə bir müddət uzaqlaşmağı məsləhət gördüm və qaraciyərin göstəriciləri bir qədər normallaşdı. Bunu çoxları bilmir. Amma vəziyyət geri qayıtmaya da bilərdi.
Əslində, təbabət artıq bir çox bağırsaq, qaraciyər, öd yolları xərçənginin birbaşa toksik zəhərlənməyə bağlı olduğunu sübut edib.
Keyfiyyətsiz, kustar şətraitdə hazırlanmış naməlum mənşəli içkilər, hətta qeyri-alkoqol içkiləri də birbaşa qaraciyərə toksiki təsir edir.
Siqaretin isə ağciyər, mədə, qırtlaq, mədəaltı vəzi xərçəngi yaratması sübut olunub.
Təəssüflər olsun ki, bazarda, piştaxtalarda zərərli qidalar ciddi mənada artıb. Zərərli qidaların böyük qismi reklam olunur. Məsələn, energetik içkilər, qazlı içkilər, alkoqol. Enerji içkiləri tək bir orqanı yox, bütün orqanizmi sıradan çıxarır.
Bu qidalar yaxın gələcəkdə milli genofondumuza zərbə vuracaq. Fikir versəniz görərsiz ki, eybəcər insanların, genetik qüsurlu uşaqların dünyaya gəlməsi, əqli gerilik, fiziki gerilik çoxalıb. Mən küçədə gedəndə bəzən görürəm,valideynlər övladlarına energetik içki içirir. Ana energetik içki içir, sonra uşağa da verir.
Bu içkilər qısa müddətdə insanların nəsiltörətmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq.
Digər tərəfdən qidaların tərkibində boyalar, qida əlavələri, konservantların çoxalması adi hala çevrilib. İndi bunlar bizi qorxutmur. Görün hansı dövrə çatmışıq ki, bu əlavələrin ərzaqda norma daxilində olması ilə özümüzə toxtaqlıq veririk.
Əslində norma daxilində olması belə sağlamlıq üçün zərərlidir. O normanı, həddi keçməməsinin özü də sual altındadır.
Konservləşdirilmiş qidaların tərkibində qlsa müddətdə elə bir toksiki maddə əmələ gəlir ki, qaraciyəri sıradan çıxarır.
Qəlyanların istifadəsi bəlkə də energetik içkilərdən daha təhlükəlidir.
- Faydalı bildiyimiz qidalar da deyilənə görə, qaraciyər üçün təhlükəli ola bilər. Bunlar hansılardır?
- Şəhərimizdə çox sayda quru meyvə, çərəz dükanları var. İnsanlar bilir ki, bu qidalar əslində faydalıdır. Amma çərəzlərdə qaraciyər üçün təhlükəli olan aflotoksinlər əmələ gəlir. Keyfiyyətsiz, havadakı nəmin təsirinə məruz qalmış, düzgün saxlamılmayan qoz fındıq, badam, istənilən quru meyvədə bu aflotoksinlər yaranır. Qaraciyər xərçənginə səbəb olan təhlükəli maddələrdən birincisi elə aflotoksinlərdir. Həm qaraciyər, həm bağırsaqda xərçəng yaradır.
Bir məsələ də var. Şəhərimizdə çox sayda kafe, çayxana, restoranlarda qəlyanların istifadəsi yayılıb. O qəlyana sadəcə baxdıqda, orda qaraciyər üçün real təhlükəni görmək olur. Paketlərdə yapışqanlı qatı guya tütündür, yandırırlar, məlum deyil, hardan gətirilib, nədir.
Uzun müddət qəlyan çəkənlərdə bronx xərçəngi yaranır. Bu bizim gəncliyimizə zərbədir.
Mən deyərdim ki, qəlyanların istifadəsi bəlkə də energetik içkilərdən daha təhlükəlidir.
- Qaraciyərin piylənməsi nədən baş verir?
- Son 30 ildə alimlər belə qərara gəlib ki, qaraciyər sirrozunun 15%- yaranma səbəbi qaraciyərin yağlanmasından qaynaqlanır.
Qaraciyərin yağlanması ciddi xəstəlikdir. İrəliləmiş mərhələdə sirroz, xərçəng və nəhayət orqanın sıradan çıxmasına gətirib çıxarır.
Qaraciyərin piylənməsinin birinci səbəbi keyfiyyətsiz qidalar, yağlar, paketlənmiş, konservləşdirilmiş qidalar, qənnadi məmulatlarıdır.
İndi dəbdədir, çoxu yaşıl çay içir, təzyiq üçün, arıqlamaq üçün faydalı bilirlər. Bu çaylar da qaraciyərə toksik təsir edir.
Yaşıl çayla bitki çaylarını qarışdırırıq. Yaşıl çay qara çayın yetişməmiş, kal formasıdır. Bitki çayları isə fərlqlidir. Bu kimi çayların uzun müddət qəbulunun qaraciyərin birincili xərçənginə səbəb olması sübut olunub. Ona görə mənşəyi, tərkibi bəlli olmayan, aşağı sort, müxtəlif Afrika, Çin istehsalı çayların, arıqlama bitki çaylarının qəbulu zamanı diqqətli olmaq lazımdır. Arıqlamağın bir yolu var qidanı azaldıb, idmanı artırmaq.
- Bəs siz Qaraciyərinizi necə qoruyursuz?
- Biz həkim olsaq da, mələk deyilik: ot,çiçək, hava ilə qidalanmırıq. Adi insanlar kimi qidalanırıq. Lazım olanda market qidalaları alırıq, buna məcburuq, başqa alternativ yoxdur. İndi dəbdədir orqanik qida. Buna açığı inanmıram. Çünki nəticə etibarilə əgər torpaq, su çirklənibsə, orda yetişən tərəvəz ya heyvanın verdiyi süd nə qədər təmiz olacaq?
Kolbasa, hisə verilmiş, konservləşdirilmiş qidalar, energetik içki, alkoqol içki qadağan siyahımdadır. Energetik içkinin qoxusunu belə bilmirəm, meylim də çəkmir.
Çaylara fikir verirəm, iri yarpaqlı, keyfiyyətli çay içirəm. Bol su içirəm. Açıq, yolda satılan şoraba, turşu almıram.
3 ağ dediyimiz qidalardan uzaq olmaq lazımdır: şəkər, un, duz.
Gənc validyenlərə tövsiyyəm budur ki, uşaqlara şəkər çox verməsinlər, çünki boy hormonunu azaldır, uşağın boy artımına mane olur.
- Uşaqlarda qaraciyər çatışmazlığının əsas səbəbi nədir?
- Anadangəlmə öd yollarının olmaması, müəyyən genetik xəstəliklər, toksik zəhərlənmələri mövsümdə göbələk zəhərlənmələrindən olur. Əsasən meşədən, taladan yığılan zəhərli göbələklərdən bəəzn yeyirlər, bu qaraciyəri sıradan çıxara bilir.
Uşaqlarda qaraciyər problemlərinin bir məsuliyyəti də valideyn üzərindədir. Valideyn uşağa hər nə oldu verməməlidir.