Xəbər verdiyimiz kimi, insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və ya digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracına görə vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 7000 manatdan 10000 manatadək məbləğdə cərimə ediləcək.
Qanunu şərh edən millət vəkili Məlahət İbrahimqızı Bakupost.az -a açıqlamasında deyib ki, bundan öncə İnzibati Xətalar Məcəlləsində insan orqan və toxumalarının donorluğu və transplantasiyası ilə bağlı maddə əks olunmamışdı. Ancaq yeni qanunda insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında ayrıca bir maddə öz əksini tapıb:
“Məcəlləyə donorların anonimliyinin qorunması ilə bağlı maddələr də əlavə edilib. İstər orqan donorluğu və transplantasiya zamanı meyid donorun qohumlarına münasibətdə resipiyentin, eləcə də resipiyentin və onun qohumlarına münasibətdə meyid donorunun anonimliyinin qorunması nəzərə alınıb. Əgər qoyulan qaydalar pozularsa görə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək. Hesab edirəm ki, bütövlükdə qanuna çox vacib və önəmli dəyişikliklər edilib”.