Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qalxanabənzər vəz qadınlığa da təsir edir

  • 2017.12.20 13:30
  • 31270 Baxış
Qalxanabənzər vəz qadınlığa da təsir edir

"Ginekoloji
problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası çox mühüm rol
oynayır. Çünki, qalxanabənzər vəzi orqanizm üçün çox mühüm hormonlar ifraz
edir. Hansı ki, bu hormonlar metabolizmaya birbaşa nəzarət edir”.



Medicina.az xəbər verir ki, bunu
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinoloqu
Əli İbrahimov qalxanabənzər vəzi disfunksiyası ilə bağlı ortaya çıxan
ginekoloji problemlərdən danışarkən deyib.



Endokrinoloq
bildirib ki, ginekoloji problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası
çox mühüm rol oynayır: "Ginekoloji problemlər dedikdə, sonsuzluq, dölün inkişafdan qalması, süni abort
və vaxtından qabaq doğuşların baş verməsi aid edilir”.


Qalxanabənzər vəzin
funksional pozğunluqlarına aid edilən hipertireoz (fəaliyətinin artması) və
hipotireoz (fəaliyətinin azalması) haqqında danışan Ə. İbrahimov bu zaman
diqqət yetirilməli olan məqamlara toxunub:



"Hipertireoz-qalxanabənzər
vəzi hormonlarının həddindən çox ifraz olunmasıdır. Hipertireozun əlamətləri -
ürəkdöyüntü, iştahanın artmasına baxmayaraq arıqlama, əzələlərdə zəiflik, saç
tökülməsi, əsəbilik, tərləmənin artması, yuxusuzluq, ishal, aybaşı dövrlərinin
pozulması, ekzoftalm (gözlərin irəli doğru qabarması), istiyə qarşı
dözümsüzlük, libidonun azalmasıdır.


Bəzi hallarda sadaladığımız əlamətlərin heç biri müşahidə edilməsə də, təsadüfi
yoxlama zamanı disfunksiya aşkarlanır. Belə hal asimptomatik formada müşahidə
edilir.



Hipotireoz -
qalxanabənzər vəzi hormonlarının normadan az ifraz olunmasıdır. Hipotireozun
əlamətləri isə yorğunluq, halsızlıq, üşümə, diqqət dağınıqlığı, yaddaş
zəifliyi, iştahanın azalmasına baxmayaraq çəkinin artması ,dəridə quruluq,
saçda quruluq və tökülmə, dırnaqların qırılması, səsin dəyişməsi, qəbizlik,
aybaşı dövrünün pozulmaları aid edilir”.



Endokrinoloq onu da
vurğulayıb ki, bu simptomlar əhəmiyyət kəsb etsə də, diaqnoz qoymaq üçün
kifayət etmir.



"Diaqnozu
dəqiqləşdirmək üçün hormonal analiz, ultrasəs müayinəsi və endokrinoloqun
baxışı mütləqdir. Müntəzəm olaraq, hər bir insan bu tip yoxlamalardan keçməklə
hal-hazırda çox geniş yayılmış olan sonsuzluq və digər ginekoloji problemlərin
həllində çox mühüm rol oynaya bilər”.