Ərküdə, qadınotu və ya İbrahimağacı kimi tanınan kol bitkisi Bakımızın hər tərəfində dekorativ məqsədlə əkilir. Müalicə məqsədi ilə onun toxumlarından istifadə olunur. Ərküdə dəmləməsi kişilərdə cinsi istəyi azaldır, qadınlara isə əksinə təsir edir. Ərküdə həqiqətən qadın otudur, desək yanılmarıq.
Qadın xəstəliklərinin demək olar ki, hamısında istifadə olunur. Aybaşı pozulması, follikulun yetişməməsi, prolaktin fermentinin artması zamanı çayın qəbulu aybaşını normallaşdırır, follikulun yetişmə və partlamasını təmin edir, yüksəlmiş prolaktin səviyyəsini aşağı salır. Qeyd edim ki, prolaktin yüksələndə qadınlarda güclü başağrıları, süd vəzilərindən süd gəlməsi və uşaqsalma kimi hallar olur.
"Medicina" xəbər verir ki, həkim fitoterapevt Füzuli Hüseynov Ərküdə toxumundan istifadə qaydalarını açıqlayıb:
"vəzdə əmələ gələn şişləri və kistaları əritmək üçün 3-5 ay müddətində ərküdə çayı qəbul olunur. Ərküdə çayı klimakterik dövrün başlamasını ləngidir və əlamətlərini zəiflədir. Süd vəzilərində əmələ gələn düyünlərin və kistaların, həmçinin uşaqlıqda olan kistaların əridilməsi üçün effektli bir vasitədir.
Mastopatiyası olan xəstələrin gün ərzində 3-4 dəfə ərküdə çayı içməsi məsləhətdir. Ərküdə progesteron hormonunun istehsalını artırır, bununla da qadın sonsuzluğunun qarşısını alır. Ərküdə beyində dofamin sintezini artırdığından həmin maddənin istehsalının azalması səbəbindən baş verən Parkinson xəstəliyinin müalicəsində uğurla istifadə olunur.
Ümumiyyətlə, saydığım problemlər olmasa belə, hər bir qadın ayda 1 həftə ərküdə çayı içsə özünü sağlam hiss edər, adı gedən xəstəliklərə də tutulmaz. Ərküdə çayının qəbulu gələcəkdə cinsi orqanların xərçənginə tutulma ehtimalını azaldır.
Ərküdə toxumlarından bir çay qaşığı bir stəkan suda 10 dəqiqə dəmlənilməli və gündə üç dəfə yeməkdən yarım saat əvvəl içilməlidir. Yaxşı olar ki, toxumlar dəmlənilməzdən əvvəl həvəngdəstədə əzilsin. Ərküdə çayını aybaşı müddətində və hamiləlik zamanı içmək olmaz".
Aygün Musayeva