Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qadınlarımız özünü manikenə bənzətməsin...” – Millət vəkilinin sağlamlıq sirləri - VİDEO

  • 2019.04.15 16:05
  • 27803 Baxış
“Qadınlarımız özünü manikenə bənzətməsin...” –  Millət vəkilinin sağlamlıq sirləri - VİDEO

 "Heç kim demir ki, evdən artist kimi çıxmalısan"



Jalə Əliyeva Milli Məclisin ən gözəl qadın millət vəkillərindən biri kimi hər zaman diqqət mərkəzində olub. Son illərdə isə həm də həddindən artıq arıqlaması ilə diqqət çəkmişdi. İki il ərzində təxminən 30 kiloqram çəki atan Jalə Əliyeva buna sağlam qidalanmaqla nail olub. Millət vəkili Medicina.az-a müsahibəsində də elə sağlam həyat tərzi ilə bağlı fikirlərini bölüşüb. 

 

Medicina.az-ın "Məşhurların sağlamlıq düsturu” rubrikasının budəfəki qonağı millət vəkili Jalə Əliyevadır:


- Jalə Əliyevanın sağlamlıq formulu. Sizin üçün sağlam həyat tərzi nədir? 


 

- Bilirsiz, sağlam həyat təbii ki, çox geniş anlayışdır. Bəziləri bəlkə bunu dar çərçivədə - sırf idmanla bağlaya bilər, sırf deyək ki, fizioloji vəziyyətlə bağlaya bilər. Amma mənim nəzərimdə sağlam həyat elə özlüyündə insanın özünün bir fərd olaraq mövcud olması, özünü yetişdirməsi, həyatda, cəmiyyətdə özünütəsdiqi – bütün bunlar da elə həyatımızın bir amilidirsə və əgər biz uğurlu insandan danışırıqsa, deyək ki, cəmiyyətdə müəyyən bir yer tutmuş insandan danışırıqsa, deməli, onun həyatı sağlamdır. Yəni, bir az fəlsəfəsinə mən bu şəkildə dalmaq istəyərdim. Bu mənim subyektiv yanaşmam kimi də qəbul edilə bilər. Sağlam həyat deyəndə ilk növbədə mən sağlam düşüncəni nəzərdə tuturam: bir insanın sağlam həyatı onun fikirlərinin, onun qəlbinin aydın olmasıdır; onun ətrafdakı hadisələrə, insanlara baxışının sağlam olmasıdır; ailəsinə münasibətinin sağlam olmasıdır; vətəninə sağlam münasibətinin olmasıdır. Yəni bir insanın sağlam həyat tərzi keçirməyi bir daha deyirəm ki, səhərlər idman çantasını əlinə götürüb hovuzamı, idman meydançasınamı getməsilə sərhədlənmir. Mənim nəzərimdə bir insan həyata gəldiyi gündən etibarən, artıq düşüncələri formalaşmağa başladığı andan etibarən özü üçün elə özü bir yol çəkir. Bəzən deyirlər ki, hər insanın bir alın yazısı var. Hər insan dünyaya bir yazıyla gəlir. Amma düşünürəm ki, bunun özündə də müəyyən subyektiv və obyektiv tərəflər var. Əlbəttə ki, biz dünyanı tam kəşf edib bitirə bilməmişik və zərurətmi, yoxsa təsadüfmü fəlsəfəsinin daha ağır olduğunu, daha üstün olduğunu hələ də müəyyənləşdirə bilmirik. Şəxsən özüm üçün bunu deyirəm. Və yaxud həyatda bir insanı təqib edən tərcümeyi-hal, həyat və son nöqtə doğulandakı alın yazısıdırmı, yoxsa sonradan o özü üçünmü yaradıb bu taleyi, bu tərcümeyi-halı? Bunlar da hamısı nisbidir, düşünürəm. Bir insanda olan keyfiyyətlər digərində təkrarlanmaya bilər. Amma bayaqkı sözümə qayıdaraq deyirəm ki, sən doğulduqdan sonra özün üçün bir hədəf seçmisənsə və buna nail olmaq üçün bir yol gedirsənsə, bu yol aydın yoldursa, təmiz yoldursa bu elə özü sağlam həyat tərzidir.          


- Bu gün sağlam qidalanma bütün dünyada trendə çevrilib. Sizin yeməyə münasibətiniz necədir. Və ümumiyyətlə formada qalmaq üçün nə edirsiz. 

- Hər bir insan hər bir hərəkətində, qidasından da başlayaraq özünə hörmətlə yanaşmalıdır. Mən şəxsən həddindən artıq qida qəbul etməyi elə insanın özünün öz sağlamlığına, öz gələcəyinə və öz ətrafına hörmətsizliyi kimi qəbul edirəm. Yəni bir iradə olmalıdır. Bəlkə də buna nail ola bilməyən insanlar deyə bilərlər ki, asandır demək, amma gəl əməl et, görək nə dərəcədə əməl edirsən. Düşünürəm ki, əgər bir şeyi çox istəyirsənsə, ona mütləq nail olursan. Artıq bütün dünya bunu qəbul edir ki, artıq çəki xəstəlikdir. Hər baxımdan problemdir. Bundan qurtulmaq mümkündürsə və bunun ən asan, ən təbii yolu qidaya diqqət etməkdir, az yemək vərdişlərini özündə aşılamaqdır – az yemək, amma tez-tez yemək. Açığı vaxtım olandan olana yeyirəm. Çox vaxt imkan olmur ki, istədiyin kimi, qayda ilə qidalanasan. Tutaq ki, deyirlər ki, səhər 7-8 arası səhər yeməyi, günorta 1-2 arası günorta yeməyi, axşam 6-7-dən gec olmayaraq axşam yeməyi qəbul edilməlidir. Amma günlər olur ki, bütün gün ərzində sadəcə bir çayla və yaxud çayın yanında kiçicik bir şirni parçası ilə kifayətlənməli olursan. Yəqin ki, pəhrizin bütün detallarından danışmağa ehtyac yoxdur. Ancaq bütün pəhrizlərdə, xüsusilə üç əhəmiyyətli faktor var ki, onları qidadan çıxarmaq, ya da çox-çox məhdudlaşdırmaq lazımdır – un məhsulları, duz, şəkər. Bu üç ağ rəngli qidanı mümkün olduğu qədər qida rasionundan azaltmaqla və ya əvəzləyicilərini daxil etməklə nail olmaq olar. Amma bilirsiz ki, bu gün bununla bağlı da çox fərqli fikirlər var. Əvəzləyicilərin təhlükəli olduğuna dair də faktlar var. Əvəzləyici deyərkən mən süni şəkərdən danışmıram. Deyək ki, konfetin yerinə qurudulmuş hansısa bir meyvə - ərik qurusu, kişmiş qurusu orqanizmə daha xeyirdi, həm də içində heç bir ziyanlı qida yoxdur. Axşamlar birmənalı olaraq yeməmək lazımdır. Əgər bir axşam yemirsənsə səhər tərəziyə çıxanda görürsən ki, axşamdan səhərə ən azı yarım kiloqram, orqanizmdən asılı olaraq bəlkə 1 kq, 1,5 kiloqram belə fərq var. Əksinə, yemisənsə bax, həmin o kilolar səhər sənin ümumi çəkinin üstünə gəlir. Yenə deyirəm, sağlam həyat tərzi mənim üçün gün ərzində daha çox işləmək, daha çox nəyəsə, kiməsə faydalı olmağa çalışmaq, boş vaxt qalarsa arada bir havaya çıxmaq, gəzməkdir. Əminəm ki, bizim qadınlarımız idmanla davamlı məşğul olmurlar. Mən özüm də. Deyim ki, hər gün ona imkanım var, belə deyil. Əvvəla həvəsim yoxdur, həvəsim olsa da, vaxtım yoxdur. Yalan danışmağı sevmirəm. Deyə bilmərəm ki, mən idman zallarındayam. Sadəcə diqqət, nəzarət... Bir müddət o çox kilonun verdiyi problemləri yaşayan bir insan olaraq bir daha o günlərə qayıtmamaq üçün hər zaman diqqətdə saxlayıram.  


- İradənizin nəyə qadir olduğunu bilmək maraqlıdır. Neçə kiloqram arıqlamağa nail oldunuz?    

 

- İl yarım-iki ilin ərzində təqribən 25-30 kiloqrama yaxın çəki atmışam. Dəyişir, enmələr qalxmalar olur 25-30 arasında. Nə qədər iradən olsa da, deyək ki, bir ailə tədbiridir, axşam yeməməyə çalışırsan, amma elə bir yerdir ki, yeməyəndə diqqət çəkirsən. Bu da təbii xoş deyil, ev sahibinə qarşı hörmətsizlikdir. O zaman görürsən ki, çəkidə bir az artım olur. Novruz bayramında məsələn. Ancaq bir az artmağa başlayanda həyəcan təbilini çalıram. Ümumilikdə o balansı qorumağa çalışıram. 


 



 

- Çəkinizi yalnız az yeməklə qoruyursuz, yoxsa başqa istifadə etdiyiniz hansısa bir vasitə var?    

 

- İndi dərmanlar çox dəbdədir. Müxtəlif şirkətlər gündə bir dərmanın reklamını edirlər. Və bunu da birmənalı olaraq həm tibb qəbul eləmir, heç bir ağıllı həkim bunu əsla tövsiyə etmir. Mən özüm də düşünürəm ki, tərkibi bəlli olmayan o dərmanların qəbulu yaxşı heç nəyə gətirib çıxartmır. Bəlkə bir müddət nəsə cüzi bir arıqlama baş verə bilər, amma bu da müvəqqətidir. Bir də bir insanın yaradılışdan özünün bir bədən quruluşu var, cizgiləri, anatomiyası var. Yəni, ola bilər ki, o insan kökəlməyə meyillidir. Və nə edərsə etsin, arıqlaması mümkün olmayacaq. Nəsildən, gendən gəlmə xüsusiyyətlər də ola bilər. Qanın özünün də rolu var. Eyni qidanı siz də, mən də qəbul edə bilərik. Siz kökəlməzsiniz ondan, kilo almazsınız. Amma mən alaram. Belə şeylər də var. Elə qan qrupu var ki, bəlkə də qəribə gələr sizə, hətta limon yemək o qan qrupu insanları kökəldir. Bütün dünyada deyirlər ki, süd və süd məhsulları yağsız olarsa arıqladır. Amma rast gəlmişəm, elə adam var qatıq yeyəndə kökəlir. Xanımlar heç də bədbinliyə qapılmasınlar ki, mən niyə arıqlaya bilmirəm, mən nəyə görə kökəm. Birinci növbədə bu mesajı verək ki, kim özünü hansı halı ilə yaxşı hiss edirsə, xoşbəxt hiss edirsə, qoy elə də qalsın. Niyə də olmasın? O kökdürsə və rahatdırsa, sağlamlığına ziyanı yoxdursa, onun qəbul edilməsinə ziyanı yoxdursa və özünün içərisində bir diskomfort yoxdursa, çalışmasın özünü bir ulduza bənzətməyə, bir manikenə bənzətməyə. Bu da doğru bir yol deyil, bu da sağlamlıq deyil. Amma buna imkan varsa, buna sənin sağlamlığın, buna sənin genin imkan verirsə, deməli, sən istədiyinə nail ola bilərsən. Əgər sənin nənən də, anan da, bibin də, xalan da, hamısı daha ətli-qanlı qadınlardırsa buna nail ola bilməyəcəksən. Bu, mənim öz düşüncəmdir. Mən həkim deyiləm, bu sahədə tədqiqat aparmamışam, amma düşünürəm ki, bu məsələnin üzərində həddindən artıq dayanmağın mənası yoxdur. Gözəl bir ifadə var, deyirlər ki, insanın xarici yox, daxili gözəl olsun. Səni yaraşığına, gözəlliyinə, geyiminə görə bəyənib qəbul edə bilərlər ilk baxışda, amma o iki dodağının arasından çıxan kəlmələr, sənin xarakterin, insanlara münasibətin, mənəvi, insani keyfiyyətlərin əgər xarici görünüşündən aşağıdadırsa, o zaman o gözəllik nəyə lazımdır. Gözəllik çox nisbidir. Elə bu məqamda gəlin sizə bir şeir söyləyim. Mərhum anam, görkəmli şairəmiz Nurəngiz Günün "Gözəllik” şeiri: 


 

Gözəl nədir?

Məndən soruşardılar.

Uşaq idim,

Belə dedim:

Evimizin içindəki

Tükü yumşaq xor-xor pişik,

özümünkü

cuppulu gəlincikli ev-eşik.

Gözəl nədir?

Məndən soruşardılar.

Cavan idim,

belə dedim:

Gözlərinin odu şimşək,

ucaboy,

enli kürək 

qatır yelli,

qara telli bir igid.

Böyümüşəm, yep-yekə adam olmuşam.

Anladım,

pişiyin vəfasını.

Anladım,

igidin cəfasını.

Anladım,

yalançı gəlincikli

yalançı evciyimin

müvəqqəti səfasını.

Çox qəribədir insanlar, çox qəribədir

Yenə də soruşun məndən,

gözəl nədir?

Gözəl:

Sərgüzəştini tez-tez

Göyçək Jaləmə nəql etdiyim

Damda yaşayan Karlson.

Gözəl:

Paris Notrdam kilsəsinin Qvazimodası.

Gözəl:

Kozettanın oduna yanan,

yaxşılığına sədəqə ummayan 

Jan Valjan.


Yəni gözəllik nisbidir. Xarici gözəlliyə aldanmadan, insanın daxili, insanın mərhəmət duyğuları, insanpərvərliyi, humanizmi, insanlara yanaşması elə onun gözəlliyidir.


- Fizik sağlamlığı, formada olması və s. bəzən həm də insanın ruh halı ilə bağlı olur. Stressdən, əsəbdən, ruh düşkünlüyü olanda bir növ özünü cəzalandırır. Siz bu məqamlarla necə mübarizə aparırsınız? Mənən formada qalmaq üçün nələr edirsiniz?

 

- Heç kim hansısa yaxşı və yaxud pis hadisədən sığortalanmayıb. Hamımız canlı insanlarıq, hamımızın ruhumuz var. Və həyat davam edirsə, biz yaşayırıqsa heç sənin gözləmədiyin, ağlına gəlməyən hansısa bir problemlə qarşılaşa bilirsən. Belə olan halda əlbəttə ki, o mənfi emosiya sənin daxilinə də sirayət edir. İndi qalır onu büruzə verib verməmək, qəlbində tarazlaya bilmək. Şəxsən mən qəlbimin çox dərin qatlarında onları saxlayıb, üstünü örtüb həmin dəqiqədə necə olmalıyamsa, insan qarşısına nə şəkildə çıxmalıyamsa onu etmək vərdişini özümə illərdir aşılamışam. Bu o demək deyil ki, insan qeyri-səmimi olur, maskalanıb gəzir. Yox. Sadəcə elə məsələlər var ki, düşünürəm o anda bu problem mənim problemimdir. Və haqqım yoxdur, mən onu qarşımdakı insana büruzə verim, onu da narahat edim. Ən azından bu fikirlə yola çıxaraq o anda məni narahat edən hansısa bir məsələ varsa, onu gizlədərək, o insanın məni görmək istədiyi şəkildə o görüşə də gedə bilirəm, insanların qarşısına da çıxa bilirəm. 


- Həkimlərlə aranız necədir? Səhhətinizi nə dərəcədə qoruyursunuz? Mütəmadi müayinələrdən keçən insanlardansınız?

 

- Yox. Canım o qədər də əziz deyil mənim üçün. Mən sağlamlığımı sadəcə yaxınlarıma əziyyət verməmək, dərd verməmək üçün qoruyanlardanam. Özüm üçün deyil. Çünki bilirəm ki, hansısa bir problemim olarsa, birinci növbədə onlar bunun əzabını, həyəcanını, stressini çəkəcəklər. Hansısa kiçik problemlər demirəm, bunun üçün əsla həkimə getmirəm, getməyi də sevmirəm. O qızıl qayda ki var, ildə iki dəfə mütləq həkim müayinəsindən keçmək lazımdır – bunu etmirəm. Etiraf edək ki, bunu heç birimiz etmirik. Deyirlər ki, yer üzündə bunu edən tək millət yəhudilərdir. Bilmirəm, bəlkə heç onlar da etmirlər. Amma əlbəttə ki, orqanizmin bir hissəsi səni həddindən artıq narahat edirsə həkimə getməmək də ağılsızlıqdır. Daxilindəki narahatlığın ciddi bir şey ola biləcəyini düşünürsənsə mütləq getmək lazımdır. 

 



 

- Azərbaycanın üzdə olan, gözəl xanımlarından birisiniz, yaşa dolduqca daha da gözəlləşirsiniz. Müasir dövrdə, xüsusilə gənc yaşda xanımlar daha çox plastik müdaxilələrə meyl edirlər. Siz öz gözəlliyinizi necə qoruyursunuz? Bəlkə bölüşmək istədiyiniz xüsusi bir reseptiniz var...

 

Çox təəssüflər olsun ki, bu mənada yaxşı müsahib seçməmisiniz özünüzə. Çünki, həqiqətən deyim ki, xarici görünüşümün yaxşı, gənc qalması üçün günümün neçə saatınısa buna həsr edirəm. Xüsusi kremlərdən nə bilim yağlardan istifadə edirəm. Yox. Bunların heç biri yoxdur. Hətta bunu mənə irad tutanlar var ki, belə qəddar yanaşmaq olmaz üzə. Üz dərisinə qulluq etmək lazımdır. Çünki, müəyyən yaşdan sonra bu istər istəməz öz fəsadlarını göstərir. Amma inandırım sizi həqiqətən də bu işlərin heç biri ilə məşğul deyiləm. Hətta görürsən deyirlər müəyyən meyvələrin, tərəvəzlərin artığı qalanda evdə onu üzə sürtmək çox gözəldir. Mənim ona da vaxtım, həvəsim yoxdur. Mənim heç o meyvəni yeməyə vaxtım yoxdur, qaldı ki, onu üzümə sürtüm. Sonra gözləyim və s. Sadəcə biz əgər seçilmiş insanlarıqsa, cəmiyyətin tanınan fərdləriyiksə, insan arasına, cəmiyyət arasına çıxırsansa, sənin ora evdəki vəziyyətinlə getməyə haqqın yoxdur. Bu, insanlara hörmətsizlikdir. Səliqəsiz şəkildə çıxmaq da, daranmamış, üzünü səliqəyə salmamış çıxmaq da mənim nəzərimdə insanlara hörmətsizlikdir. Heç kim demir ki, evdən artist kimi çıxmalısan. Amma ən azından etika, estetika deyilən bir şey və bir də qadın deyilən bir anlayış var. Qadın təravətini, qadınlığını qorumaq üçün özünə heç olmasa kiçik bir zaman ayırmalıdır. Mən də evdən çıxmazdan 5-10 dəqiqə əvvəl bir az özünə çəki düzən vermək, səliqəyə salmaqla olur bunlar.


- Bütün bu həyat ritmindən, iş-gücdən vaxt tapıb mətbəxə girirsinizmi? Nəvələrinizə, ailə üzvlərinizə nəsə hazırlamağa vaxt tapırsınız? Ümumiyyətlə, mətbəxlə aranız necədir? 


- Mütləq. Mətbəxi sevirəm, mətbəxdə vaxt keçirməyi sevirəm. Amma çox təəssüf ki, buna həmişə vaxtım olmur. Yeməklər uydurmağı sevirəm, icad etməyi sevirəm. Nəvələrim mənim yanmda olanda, ya da mən onların yanında olanda çalışıram ki, onlar üçün nəsə hazırlayım. Yeyən uşaq mənim üçün böyük bir xoşbəxtlikdir. Təəssüf ki, böyük nəvəm yeyən deyil. Amma balaca yeyir. Evdəkilər də deyir ki, biz təsəvvür edirik balaca oğlan hər dəfə o xəmir yeməklərini, peraşkiləri və s. yeyəndə,  kökələndə sən nə qədər sevinirsən, xoşbəxt olursan. 


- Yəqin, nəvələr üçün də bayram olur nənə onlara vaxt ayıranda...

 

- Təbii ki. Bilirsiniz, ümumiyyətlə böyük ailə çox böyük bir xoşbəxtlikdir. Xüsusilə də uşaqların olması. Bütün ailələrimizə bütövlük arzu edirəm. Sağlam həyatın təməlini təşkil edən bütöv ailələr arzulayıram. Qoy bu ailələrdə uşaq səsləri gəlsin, ağbirçək nənələr olsun, ağsaqqal babalar olsun. Xeyir bərəkət, xoşbəxtlik oradadır. Xeyir-dua ordadır. Mənim düşüncəmə görə, bir evdə böyük bir masanın qurulmasıdan, bütün ailə üzvlərinin o masa arxasında oturmasından sağlam bir amil yoxdur  insanın yaşaması, var olması üçün. Ailələrimizi qoruyaq, çünki sağlam ailə sağlam, bütöv dövlət, xoşbəxt gələcək, güclü genefond deməkdir. 


- Maraqlıdır, ananız, mərhum şairə Nurəngiz Günün də sağlamlığa, yeməyə, dietaya münasibəti sizin kimi idi, yoxsa fərqliydi? 

 

- Nurəngiz xanım özü həkim ailəsində doğulub. Babası çox böyük həkim olub. 20-ci əsrin əvvəllərində Bakıda vəbanı pulsuz, parasız müalicə edən böyük bir bəy olub, həkim olub. Ailələrində həkimlər çox idi. Buna baxmayaraq, Nurəngiz xanımın həkimlərlə heç vaxt arası yaxşı olmayıb. Əgər həkimə gedibsə, belə deyim, mənim qılıncımla, mənim təzyiqim sayəsində gedib. Amma ondan sonra da həkimin yazdıqlarına əməl etməyib. Mən demirəm yaxşı bir iş görüb, amma onun yanaşması bu idi. O belə deyək, düşünürdü ki, həkim qədər bilir ən azından. Amma həqiqətən də bu belə idi. Ona görə də, nəticədə öz bildiyini edirdi. Yeməyə münasibətinə gəlincə, Nurəngiz xanım çox az yemək yeyirdi həddindən artıq. Çox seçici qidalanırdı. Və həddindən artıq vasvası idi. Mətbəxdə də, evdə də, özünə qarşı da...  




Gülay,

Azər Kazımov

Medicina.az
“Qadınlarımız özünü manikenə bənzətməsin...” –  Millət vəkilinin sağlamlıq sirləri - VİDEO
“Qadınlarımız özünü manikenə bənzətməsin...” –  Millət vəkilinin sağlamlıq sirləri - VİDEO
“Qadınlarımız özünü manikenə bənzətməsin...” –  Millət vəkilinin sağlamlıq sirləri - VİDEO