Varikoz xəstəliyi əsasən qadınların xəstəliyi hesab olunsa da, son zamanlarda ondan əziyyət çəkən kişilərin də sayı az deyil.
Medicina.az-ın əməkdaşı bu xəstəliyin getdikcə aktuallaşdığını nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən Ağrı Mərkəzinin rəhbəri və baş həkimi Zülfüqar Yusifovdan açıqlama alıb. Mütəxəssis bildirib ki, qan damarları öz funksiyalarına görə arteriya və venalara bölünür: "Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan al-qırmızı arterial qanı orqan və toxumalara daşıyır. Tərkibindəki qida maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alır, "ağır”, tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə ürəyə qaytarır.
Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalır. Məhz bu gərginliyin nəticəsində aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılır, bəzi yerlərdə venoz düyünlər əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranır.
Ayaqda vena və kapillyarların nəzərə çarpan dərəcədə qabarması varikoz xəstəliyinin əlamətləridir. Bu xəstəlik tək estetik qüsur deyil, həm də 96 % xəstələrdə ayaqlarda şişkinlik, ağırlıq və istilik hissi, qaşınma, uyuşma, qıcolmalar, ağrı şikayətləri ilə müşayiət olunur.
Xəstəlik tədricən inkişaf edən xəstəlikdir. Vaxtında müalicə olunmadıqda venoz xoralar, tromboflebit, qanaxma riski yaranır. Venoz xora varikoz damarların trofiki pozğunluğu nəticəsində venanın zədələnməsidir. Tromboflebit varikoz damarın iltihablaşması olub, kəskin ağrı və ödemlə müşayiət olunur. Tromboflebit olan damarda tromboz riski və buna bağlı letal nəticə baş verə bilər”.
Z. Yusifov deyib ki, bu xəstəliklə bağlı həkimə müraciət edən kişilərin sayı durmadan artır: "Əsasən qadınların xəstəliyi kimi tanınır, amma kişilərdə də müşahidə edilir. Son zamanlar bu problemlə bağlı həkimə müraciət edən kişilərin sayı durmadan artır. Qadınlardan fərqli olaraq kişilər xəstəliyin daha ağır mərhələlərində həkimə müraciət edirlər. Səbəbi isə kişilərin estetik görüntüyə əhəmiyyət verməməsidir. Onlar ayaqlarında əmələ gələn damarların görüntüsündən narahat olmurlar və buna görə də xəstəliyin ilkin mərhələlərində həkimə müraciət etmirlər. Lakin xəstəliyin əlamətləri kəskinləşdikdən sonra məcburiyyət qarşısında həkimə müraciət olunur”.
Həkimin sözlərinə görə, bu xəstəlik hamıda inkişaf etmir. Onun yaranmasına bir sıra faktorlar səbəb olur:
"Bu xəstəliyin yaranmasında genetika böyük rol oynayır. Həmçinin az hərəkətli həyat tərzi, oturaq iş, ağır fiziki yük, hündür daban ayaqqabı geymək, artıq çəki varikozun yaranmasının əsas səbəbləridir.
Varikoz genetik bir xəstəlik olmaqla bərabər, bəzi hallarda onun yaranmasına bir çox xarici faktorlar səbəb olur. Məsələn, oturaq və ya ayaqüstü iş bu amillərdən biridir. Bu vəziyyətdə işləyən insanların ayaqlarında venalar gərginliyə məruz qalır. Nəticədə damarların genişlənmə ehtimalı artır. Hədsiz isti (sauna, hamam) yerdə uzun müddət qalmaq da damar genişlənməsinə yol aça bilər.
Hamiləlik vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilkin əlamətləri meydana çıxır. Orqanizmdə baş verən hormonal dəyişiklik venaların tonusunun azalmasına səbəb olur. Həmçinin, ana bətnində olan dölün böyüməsi nəticəsində, çanaq venaları sıxılır və aşağı ətraf venalarında təzyiq artır. Bütün bunlar hamilə qadınlarda damar genişlənməsini yaradır.
Bədən çəkisinin artıq olması da ayaqlara düşən yükü artırır və nəticədə damar genişlənməsinə səbəb olur”.
Zülfüqar Yusifov qeyd edib ki, ağır fiziki işlə və gərgin idman növləri ilə məşğul olan insanlarda varikoz xəstəliyinin yaranma ehtimalı yüksəkdir:
"Hormonal preparatlar və dərmanlar bəzi hallarda damar divarının tonusunu zəiflədir və onun elastikliyini artırır. Bu səbəbdən damarlar genişlənməyə meylli olur. Bundan başqa, həmin preparatların qəbulu damardaxili trombların yaranma riskini də yüksəldir”.
Mütəxəssis müalicə metodlarından da danışıb: "Varikoza qarşı hazırda tətbiq olunan fərqli müalicə metodları var. Bu metodlar xəstədəki mövcud varikozun hansı səviyyədə olmasına görə seçilir. Lakin son zamanlarda endovenoz lazer ablasiya metodu və endovenoz radio frekans metodu ilə xəstədə heç bir kəsik edilmədən damar kiçik dəlikdən problemli nahiyəyə yüksək temperatur və lazer şüaları verilərək damarın ablasiya olunması həyata keçirilir. Yəni damar qurudulduqdan, elektrod öz işini gördükdən sonra çıxarılır. Pasiyent bu prosedurdan sonra bir müddət varikoz corablar geyinmək şərti ilə ayağa qalxaraq normal həyatına davam edir. Əməliyyatın ən böyük üstünlükləri kəsiksiz, narkozsuz aparılmasıdır, əməliyyatdan sonra yataq şəraitində qalmaq tələb olunmur.
Bu proseduru varikozun istənilən mərhələsində tətbiq edərək müsbət nəticə əldə etmək mümkündür.
Trofik yaraların əsas yaranma səbəbi venoz damarlarda durğunluğun yaranması nəticəsində qan elementlərinin dərialtı toxumalara yığılaraq iltihabı proses yaratmasıdır. Proses dərinləşdikcə həmin nahiyədə yara açılır və trofik xora meydana çıxır. Xoraların müalicəsində birinci iş həmin durğunluğu aradan qaldırmaq və iltihabı azaltmaqdır. Buna xəstə venaların aradan qaldırılması yəni müalicəsi ilə nail olunur. Sonradan yaraya normal qulluq edildikdə sağalmağa başlayır. Bu üsulla da trofik xoralardan birdəfəlik yaxa qurtarmaq mümkündür”.
Arzu
Medicina.az