Birləşmiş Millətlər Təşkilatın
əsasən (BMT), hazırda dünyada sünnət edilməyə məruz qalan (ingiliscə,
Female Genital Mutilation - FGM) 200 milyon qız və qadın yaşayır.
Medicina.az xəbər verir ki, bu
hala əsasən, Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə rast gəlinsə də,
bəzi Asiya və Latın Amerikası ölkələrində də qarşılaşmaq mümkündür. BMT-nin məlumatına əsasən, artıq Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan
miqrantlar arasında da qadın sünnəti yayılıb.
Qadın sünnəti və ya ingilis dilindən qısaldılmış şəkildə FGM qadının
cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə götürülməsi ilə
müşayiət olunur.
Adətən böyük cinsiyyət dodaqlarının (labia) və
klitorisin kəsilməsi ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu
"tibbi əsas olmadan qadın cinsi orqanlarına zədə törədən proses kimi"
təsvir edir.
FGM-in dörd növü var:
-Klitoridektomiya. Həssas klitoris və ətrafındakı dərinin tamamilə və ya qismən kəsilməsi.
-Eksizisiya. Klitorisin tam və ya qismən kəsilməsi ilə yanaşı, kiçik
labia və ya vaginanı örtən daxili dəri qatlarının da kəsilməsi.
-İnfibulyasiya. Kiçik labia və vaginanı örtən xarici dəri qatlarından
ibarət böyük labianın kəsilməsi və yerinin dəyişdirilməsi. Bu zaman
xırda dəlik buraxılaraq tikilmə prosesi də baş tutur. Bu təcrübə
təkcə kəskin ağrılı və əziyyətli deyil, həm də davamlı infeksiya riski
daşıyır: vagina və sidik kanalının üzəri bağlanır və aybaşı mayesinin və
sidiyin bədəndən rahat çıxması üçün yer daralır.
Hətta, bəzən
boşluq o qədər dar olur ki, cinsi münasibət və ya doğuş üçün dəliyi
kəsərək böyütmək lazım gəlir. Təbii ki, doğuş zamanı bu, həm ana, həm də
körpə üçün təhlükə törədir.
-Buraya klitoris və ya cinsi
orqanın iynələnməsi, pirsinqi, çərtilməsi, qaşınması və dağlanması kimi
qalan digər zərərli proseslər daxildir.
Nə üçün edilir?
Qadın sünnəti barəsində tez-tez göstərilən səbəblərə sosial normalar,
din, gigiyenanı yanlış anlama, qız və ya qadının bakirəliyinin
qorunması, qadını "evlənməyə yararlı" etmə və kişinin seksual həzzini
artırmaq daxildir. Bəzi mədəniyyətlərdə FGM yetkinliyə keçmək və evlənmək üçün ilkin şərt hesab olunur.
Baxmayaraq
ki, sünnətin heç bir gigiyenik üstünlüyü və sağlamlıq üçün xeyri
yoxdur, bunu tətbiq edən cəmiyyətlər qadının vaginasının kəsilməsini
zəruri hesab edirlər və sünnət edilməyən qadınları qeyri-sağlam, natəmiz
və qiymətsiz kimi dəyərənlədirirlər.
Proses adətən qızların
icazəsi olmadan aparılır və dünyada sağlamlıq üzrə mütəxəssislər onu
qadınlara və insan haqlarına qarşı zorakılıq hesab edirlər. Bu hal
uşaqlara qarşı baş verdikdə, uşaq istismarı kimi qeydə alınır.
Unicef-in Afrika və Yaxın Şərqdə yerləşən 29 ölkədə apardığı
araşdırmanın nəticələrinə əsasən, bu ölkələrdən 24-də FGM-ə qarşı
qanunvericilik və ya qərarlar forması olmasına baxmayaraq, təcrübədən
hələ də geniş şəkildə istifadə olunur.