Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadağalardan sonra vaksinasiyaya meyl artıb - Deputat

  • 2021.09.01 13:03
  • 1542 Baxış
Qadağalardan sonra vaksinasiyaya meyl artıb -  Deputat
"Bu gündən etibarən qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 6 milyon 805 min vətəndaşımız peyvənd olunub. Onlardan 2 milyon 692 min nəfəri hər iki dozadan istifadə edib. 4 milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunub. Bu o deməkdir ki, hər iki doza üzrə peyvənd olunanlar ümumi vaksinasiyadan keçənlərin hətta 40 faizini də təşkil etmir. Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir dəfə peyvənd oluna bilib. Bu isə o anlama gəlir ki, əsasən qadağalar elan olunandan sonra vətəndaşlar arasında vaksinasiyaya meyl artıb".

Medicina.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.



O bildirib ki, "Bloomberg" agentliyinin məlumatına görə, 183 ölkədə 5 milyard 310 milyon doza vaksin istifadə olunub. Azərbaycanda isə əhalinin 26,5 faizi hər iki dozadan istifadə edib: "Vaksinasiya səviyyəsinə görə ölkəmiz MDB-də Qazaxıstandan (28,7 %) sonra ikinci olsa da, hələlik mövcud peyvəndləşmə faizi ilə əvvəlki normal həyata qayıtmaq mümkün deyil. Bu baxımdan vaksinasiya prosesinin daha da sürətləndirilməsi vacibdir.

Aydındır ki, yeni məhdudiyyətlərin tətbiqində məqsəd Azərbaycanda vaksinasiya prosesini sürətləndirməkdən ibarətdir. Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha da gücləndirilməsinə və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Bütün ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVID-19 pasportlarını oxuyan xüsusi avadanlıqların quraşdırılmasına ehtiyac var. Bu, prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, növbələrin sayını və kənar müdaxilələri azaldar.

Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədəuyğun olardı. Bütün bunlar vaksinasiya prosesinin sürətləndirilməsinə dəstək ola bilər".