Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Valid Novruzov müsahibə verib.
- Valid müəllim, ilk öncə fizki aktivliyin həyatımızdakı əhəmiyyəti barədə mlumat verərdiniz…
- Fiziki aktivlik insan sağlamlığının ən vacib şərtlərindən biridir. O, təkcə bədənimizi formada saxlamaq üçün deyil, həm də ümumi rifahımızı yaxşılaşdırmaq, enerji potensialımızı yüksəltmək və daha sağlam həyat tərzi keçirtmək üçün vacibdir. Mütəmadi hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır.
Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayır və müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır. Məsələn, uzun müddət hərəkətsiz qalan insanlarda çəki artımı, oynaq problemləri müşahidə oluna bilər. Bundan əlavə, idman etmək həm də zehni sağlamlıq üçün faydalıdır, çünki hərəkət zamanı bədəndə insanı xoşbəxt hiss etdirən hormonlar ifraz olunur, özünü daha pozitiv hiss etməsinə kömək edir, stres azalır, yuxu rejimi normallaşır və ümumi həyat keyfiyyəti artır.
- Qaçış, yoxsa yürüş daha faydalıdır?
- Hər kəsin bədən quruluşuna və sağlamlıq vəziyyətinə görə fərqli fəaliyyət növləri daha uyğun ola bilər. Gəzmək hər yaşda olan insanlar üçün ən əlçatan, daha yüngül və təhlükəsiz bir məşq növüdür, xüsusilə oynaq problemləri olan və ya artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal seçimdir. Bundan əlavə, gəzinti uzun müddət davam etdirmək üçün daha əlverişlidir, çünki yorğunluq və zədələnmə riski azdır. Bu zaman ürək ritmi tədricən artır, bədən oksigenlə daha yaxşı təmin olunur və qan dövranı normallaşır.
Qaçmaq isə daha intensiv fəaliyyət olduğu üçün kalorilərin tez yandırılmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçış oynaq və sümüklərə daha çox yük saldığı üçün düzgün idman ayaqqabısı seçmək və texnikaya diqqət etmək vacibdir. Əgər məqsəd sadəcə sağlam qalmaqdırsa, gündəlik gəzinti kifayət edər. Yox, əgər məqsəd bədəni daha dözümlü etməkdirsə, o zaman qaçmaq daha faydalı ola bilər.
- Doktor, fiziki aktivlik hansı xəstəliklərin qarşısını alır?
- Mütəmadi fiziki aktivlik bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Məsələn, ürək-damar problemləri hərəkətsiz həyat tərzi ilə birbaşa bağlıdır. İnsan nə qədər az hərəkət edirsə, damarlarında qan dövranı bir o qədər zəifləyir və bu da yüksək qan təzyiqinə, infarkt və insult kimi problemlərə səbəb ola bilər. Hərəkət həm də çəkinin normada qalmasına kömək edir və artıq çəkidən qaynaqlanan şəkərli diabet xəstəliyinin qarşısını alır. Sümüklər və əzələlər də hərəkətsiz qaldıqda zəifləyir. Bu da yaşlandıqca sağlamlıq problemləri yarada bilər.
Fiziki aktivlik yalnız fiziki xəstəliklərin deyil, həmçinin psixoloji problemlərin də qarşısını alır. Davamlı şəkildə idman edən insanlarda depressiya və stres daha az olur, çünki fiziki fəaliyyət zamanı beyində “xoşbəxtlik hormonları” kimi tanınan maddələr ifraz olunur. Hərəkət azaldıqca isə bədəndə artıq enerji toplanır, bu da piylənməyə səbəb olur. Çəki artdıqca oynaq problemləri, bel ağrıları və digər problemləri ortaya çıxa bilər.
- Uşaqlar üçün ən uyğun fiziki məşqlər hansılardır?
- Uşaqların enerjisi çox olduğu üçün gün ərzində hərəkətdə olmaları həm fiziki, həm də zehni inkişafları üçün önəmlidir. Açıq havada qaçmaq, velosiped sürmək və üzgüçülük kimi fəaliyyətlər uşaqların həm əylənməsinə, həm də sağlam böyüməsinə kömək edir. Eyni zamanda, komanda oyunları onların ünsiyyət bacarıqlarını və birlikdə işləmə vərdişlərini inkişaf etdirir.
Valideynlər uşaqlarını passiv həyat tərzindən uzaq tutmalı, açıq havada oynamağa, idman etməyə təşviq etməlidirlər.
- Yaşlı insanlar üçün hansı idman növləri təhlükəsiz hesab olunur?
- Yaşlandıqca bədən əvvəlki kimi çevik olmur və bəzi fiziki fəaliyyətlər riskli ola bilər. Buna görə də, yaşlılar üçün ən uyğun idman növləri oynaq və sümüklərə yük salmayan, lakin bədəni gücləndirən məşqlərdir. Gəzinti ən yaxşı seçimlərdən biridir, çünki təhlükəsiz və effektivdir. Gündəlik gəzinti oynaq sağlamlığını qorumağa kömək edir. Suda edilən hərəkətlər də çox faydalıdır, çünki suyun dəstəyi ilə bədən daha az yüklənir. Su aerobikası və ya üzgüçülük, bədənə əlavə yük salmadan əzələləri gücləndirir və bədən elastikliyini qoruyur. Həmçinin, yüngül dartınma hərəkətləri və ya sadə gimnastika məşqləri yaşlı insanların daha sağlam və gümrah qalmasına kömək edə bilər.
Yoqa və meditasiya isə həm bədənə, həm də zehnə rahatlıq verir. Yaşlı insanlar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə də gündəlik az da olsa fiziki aktiv olmaq çox vacibdir.
- İdman edərkən, hansı qidalardan uzaq durmaq lazımdır?
- İdman edən insanlar qidalanmalarına diqqət etməlidirlər, çünki bəzi qidalar məşqin effektivliyini azalda bilər. Məsələn, qazlı və şəkərli içkilər bədəni susuzlaşdırır və enerjini müvəqqəti artırsa da, tez bir zamanda yorğunluq yaradır. Qızardılmış yeməklər həzm sistemini yükləyərək, məşqdən əvvəl və sonra ağırlıq hissi yaradır.
Həmçinin, süni qatqılar və konservantlarla zəngin olan məhsullar bədəndə lazımsız maddələrin toplanmasına səbəb ola bilər. Buna görə də, idman edərkən təbii və balanslı qidalar qəbul etmək vacibdir. Təzə meyvə-tərəvəz, protein mənbələri və bol su içmək daha yaxşı seçimdir.
- Günün hansı saatlarında məşqlər daha faydalıdır?
- İdmanın hansı saatda edilməsi fərdi seçimdən və insanın gündəlik rejimindən asılıdır. Səhər idmanı maddələr mübadiləsini sürətləndirir və günə enerjili başlamağa kömək edir. Səhər fiziki fəaliyyət göstərən insanlar gün ərzində daha aktiv və məhsuldar ola bilirlər.
Axşam saatlarında idman isə gün ərzində yığılan stresi azaltmağa kömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hiss edir və daha yaxşı yuxuya gedirlər. Lakin yatmazdan əvvəl məşq etmək bəzi insanların yuxu rejimini poza bilər.
Əsas məsələ gün ərzində bədənin hərəkətsiz qalmamasıdır. İstər səhər, istərsə də axşam idman etmək insanın sağlamlığına müsbət təsir göstərəcək.
- Sonda idman etməyən insanlara bədəni formada saxlamaq üçün hansı gündəlik hərəkətləri tövsiyə edərdiniz?
- Hərəkətsiz həyat tərzi sağlamlıq üçün çox zərərlidir. Lakin hər kəsin idman etməyə vaxtı və ya imkanı olmur. İdmanla məşğul olmayan insanlar da gündəlik həyatlarına sadə hərəkətlər əlavə edərək aktiv qala bilərlər. Bunun üçün gündəlik həyatda kiçik dəyişikliklər edərək, daha çox hərəkət etmək mümkündür. Məsələn, lift əvəzinə pilləkənlərdən istifadə etmək, işdə hər saat ayağa qalxıb hərəkət etmək, qısa məsafələrə avtomobil və ya ictimai nəqliyyatla getmək əvəzinə piyada getmək bu baxımdan faydalıdır. Ev işləri görmək, bağçılıqla məşğul olmaq və ya hətta musiqi ilə hərəkət etmək belə bədəni aktiv saxlaya bilər. Bundan əlavə, televiziya izləyərkən, sadə hərəkətlər də sağlamlığa müsbət təsir edə bilər. Hərəkət azaldıqca bədən süstləşir və müxtəlif sağlamlıq problemləri ortaya çıxır. Buna görə də, idman etməsəniz belə, gündəlik həyatınızda kiçik hərəkətləri artırmaq vacibdir.
Fiziki aktivlik sağlam həyatın ayrılmaz bir hissəsidir. Sağlam və enerjili həyat sürmək üçün hərəkət etməyi vərdiş halına gətirmək vacibdir. Bunun üçün ağır məşqlərə ehtiyac yoxdur. İnsan istər peşəkar idmançı olsun, istərsə də sadəcə sağlam qalmaq üçün hərəkət etsin, vacib olan bədəni passiv saxlamamaqdır. Hər kəs öz bədəninə uyğun fəaliyyət növünü seçməli və bunu vərdiş halına gətirməlidir.
Unutmayın ki, sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır.