İnternet əksər insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Onlayn olaraq, evdən çıxmadan yeni şeylər öyrənə, başqaları ilə ünsiyyət qura və asudə vaxt keçirə bilərsiniz.
Ancaq bəzi insanlar virtual aləmə o qədər qərq olurlar ki, real həyatı unudurlar.
Bəs sağlamlığa zərər vermədən internetdə nə qədər vaxt keçirilə bilər?
Medicina.az xəbər verir ki, psixiatr Viktor Nurdayev bu suala cavab verib.
O, "İzvestiya"ya bildirib ki, bir çox insan təsəlli tapmaq, əylənmək və ya ətrafdakı reallıqdan qaçmaq üçün virtual aləmə “gedir”.
“Bu, tənhalıq, stress və ya depressiya, eləcə də təşviş pozuntusu kimi daha ciddi vəziyyətlələ də bağlı ola bilər.
Virtual dünya insanın özünü uğurlu hiss etdiyi, ictimailəşdiyi və real məhdudiyyətlərdən azad hiss edə biləcəyi alternativ reallıq təklif edir. Bu da öz növbəsində həzz alma prosesini xeyli asanlaşdırır və yeniliyə olan ehtiyacı azaltmağa kömək edir”, - deyə o bildirib.
Nurdayev qeyd edib ki, virtual aləmə mütəmadi olaraq məruz qalmaq sinir sisteminə - yaddaş və diqqət kimi idrak funksiyalarına əhəmiyyətli təsir göstərə bilər.
“Son araşdırmalara görə, virtual reallıqla aktiv qarşılıqlı əlaqə vizual məkan bacarıqlarını, reaksiya vaxtını və diqqəti yaxşılaşdıra bilər. Lakin bu cür fəaliyyətə həddindən artıq cəlb olunmaq qısamüddətli yaddaşın pisləşməsinə, konsentrasiya qabiliyyətinin azalmasına və hətta asılılığın inkişafına səbəb ola bilər”, - deyə mütəxəssis xəbərdarlıq edib.
“Sosial şəbəkələrdən və internetdəki məzmundan müdrik istifadə müasir psixoprofilaktikanın ən mühüm elementlərindən biridir. Yetkinlərin internetdə gündə iki saatdan çox vaxt keçirməməsi məsləhətdir.
İki yaşından kiçik uşaqların planşet və telefon ekranları ilə ümumiyyətlə əlaqə qurmaması daha yaxşı olar. Məktəbəqədər uşaqların və hətta yeniyetmələrin gündə bir saatdan çox olmamaqla "onlayn" olmasına icazə vermək olar.
Həmçinin insanın gündəlik iş rejiminin ilk növbədə fiziki fəaliyyətə, ünsiyyətə və real həyatda digər fəaliyyətlərə əsaslanması vacibdir ki, bu da yaddaşın, təfəkkürün, diqqətin və sosial bacarıqların inkişafına töhfə verəcək”, - deyə həkim tövsiyə edib.
Psixiatr qeyd edib ki, bir şəxs onlayn məzmuna asılılıq inkişaf etdirdiyindən xəbərdardırsa, israrla virtual məkanda keçirdiyi vaxtı məhdudlaşdırmaq üçün cəhdlər etməlidir:
“Bunun üçün kəskin sərhədlər müəyyən edilməli və alternativ fəaliyyətlərlə gündəlik rejim inkişaf etdirilməlidir.
Siz həm də psixoloqun rəhbərliyi altında koqnitiv-davranış terapiyası metodlarından istifadə edərək bu cür asılılığın öhdəsindən gələ bilərsiniz. Bunlara ilk növbədə özünü müşahidə, planlaşdırma və davranış korreksiyası daxildir.
Heç bir cəhd nəticə vermirsə, psixi vəziyyətinizə diaqnoz qoymaq və fərdi müalicə planı tərtib etmək üçün şəxsən və ya onlayn xidmətlərdən istifadə edərək psixiatrdan kömək istəməlisiniz”, - deyə Nurdayev yekunlaşdırıb.
Aysel