Yay aylarında hamilə qadınlar Günəşin pik həddə olduğu vaxtlarda mümkün qədər çölə çıxmaqdan çəkinməlidirlər.
Medicina.az xəbər verir ki, bunu ginekoloq, Prof. Dr. Faruk Buyru bildirib.
O, isti və rütubətli havanın hamıdan çox hamilələrə təsir etdiyini qeyd edib.
Buyru hamiləlikdə hormonal və fizioloji dəyişikliklərin, çəki artımının, qan axınının artmasının, tənəffüs qabiliyyətinin azalmasının, ürək döyüntüsünün çoxalmasının temperatur və rütubətin daha çox hiss olunmasına səbəb olduğuna diqqət çəkib.
O qeyd edib ki, isti hava və rütubət hamilə qadınların yorğunluq və tərləmədən əziyyət çəkmələrinə, gündəlik işləri görərkən və ya gəzərkən çox tez yorulmalarına, çölə çıxmaq istəməmələrinə səbəb ola bilər.
Professor hamilə qadınlara sintetik və dar geyimlərdən uzaq durmağı; kətan və pambıq materialdan hazırlanmış, geniş paltarlar geyinməyi tövsiyə edib.
“Ən az 2 litr su içilməli, ilıq duş alınmalı, mümkün qədər günəşin birbaşa şüalarına məruz qalınmamalıdır. Bunun üçün saat 11.00-16.00 arasında çölə çıxmamaq məsləhətdir”, - deyə mütəxəssis diqqətə çatdırıb.
Ginekoloq hamilələrə yay aylarında şəkərli və qazlı içkilərdən uzaq durmalarını məsləhət görüb.
Həkim hamilələrin yayda dəniz və ya hovuzda üzməkdən geri qalmamalarını daha münasib hesab edib.
“Bir çox qadın hamilə ikən infeksiyaya yoluxmaqdan qorxduğu üçün üzməkdən vazkeçir. Halbuki üzmək çox faydalıdır. Suyun təmizliyinə əmin olduqdan sonra dəniz və hovuzda üzə bilərlər. Sudan çıxanda infeksiya riskini azaltmaq üçün duş almaq, çimərlik paltarlarını dəyişmək lazımdır”, - deyə professor vurğulayıb.
Aysel