11 may tarixində Azərbaycanın anatom alimi, professor Rafiq Əşrəf oğlu Əsgərovun 90 yaşı tamam oldu.
O, Azərbaycan Tibb Universitetinin ən uzunömürlü və ən stajlı professorudur:
"Medicina" xəbər verir ki, anatomiya üzrə Azərbaycan elminin qaymaqlarından olan Rafiq Əsgərov 1933-cü ilin mayında Bakıda doğulub.
1951-ci ildə Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutda Azərbaycanda insan anatomiyası üzrə görkəmli alim, bu elmin inkişafında mühüm rol oynamış professor Kamil Balakişiyevin təklifi ilə insan anatomiyası üzrə ixtisaslaşıb və elə tələbə ikən insan anatomiyası kafedrasına işə qəbul olunub. Rəhbərliyin diqqətini çəkən Rafiq Əsgərov hələ 5-ci kursda oxuyarkən normal anatomiya kafedrasının baş laborantı vəzifəsinə qəbul edilib.
1959-cu ildə “İnsanın nəfəs borusu və bronxlarının innervasiyası” mövzusunda namizədlik, 1973-cü ildə isə “Azan sinirin ağciyərlərə innervasiya edən hissəsinin nəqledici aparatının morfologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Rafiq müəllim 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. 1985-1990-cı illərdə ADTİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına rəhbərlik edib.
1988-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsini icra edib. 1990-cı ildə universitet rəhbərliyinin qərarı ilə Rafiq müəllimə universitetin ən böyük kafedrası olan İnsan anatomiyası kafedrasının müdiri vəzifəsi həvalə edilib.
Onun digər istedadı yazıçılığıdır. Bu vaxta kimi onlarla məqalə, oçerk, esse kitablarının müəllifidir. Həm araşdırmaçılıq, həm psixologiya, həm də yazarlıq istedadını bir araya gətirib Azərbaycan elminin tanınmış simaları barədə oçerklər, xatirələr, hekayələr yazıb. Professor həm də sanki tibb tariximizi qələmə alır. Onun çox zəngin şəxsi arxivi var. 2000-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2007-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2016-cı ildə Rafiq müəllim ATU-nun Böyük Elmi Şurasının qərarı ilə bu ali təhsil ocağının məsləhətçi professoru vəzifəsinə təsdiqlənib.
Onu da qeyd etmək lazımdır ki, Rafiq müəllim ATU-da bu ada layiq görülmüş ilk professordur. Bu ona imkan verir ki, arada universitetə baş çəksin, kafedrada gənclərlə görüşsün və əmək fəaliyyətini az da olsa, davam etdirsin. Son illər Rafiq müəllim “İnsan və zaman” silsiləsindən bir neçə kitab yazaraq nəşr etdirib. Hazırda bu silsiləni davam etdirir. Bu əsərlərdə Rafiq müəllim ölkənin ictimai həyatında, səhiyyə, elm və mədəniyyət sahələrində uğurla fəaliyyət göstərən bir sıra şəxslər haqqında öz xatirələrini toplayıb. Professor yazılarında həmin insanların əmək fəaliyyətinə deyil, daha çox fərdi keyfiyyətlərinin təsvirinə diqqət yetirib.
Qeyd edək ki, yaxın günlərdə professorun yubileyinin Tibb Unversitetində qeyd olunması nəzərdə tutulub.
"Medicina" professoru yubileyi münasibətilə təbrik edir, ona bundan sonra da sağlam, rahat ömür, səmərəli fəaliyyət arzu edir.
Aygün Musayeva