Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun imzalayıb.
"Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunu "Elm haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi daşıyan bu sənədə əsasən, birincinin 4-cü maddəsinin 1-ci hissəsinin onuncu abzası çıxarılır; 26, 33 və 34-cü maddələrdə "elmi tədqiqat idarələri” sözləri "elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilir. Həmçinin Qanuna aşağıdakı məzmunda 26-1-ci maddə əlavə edilir:
"Maddə 26-1. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar
26-1.1. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatların istiqamətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir.
26-1.2. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar "Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada maliyyələşdirilir”.
Prezident İlham Əliyev yeni Qanunun tətbiqi ilə bağlı Fərman da verib. Sənəddə Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə digər qanunların və normativ hüquqi aktların yeni qəbul olunan Qanuna uyğunlaşdırılması ilə bağlı göstərişlər verilib. Həmçinin müəyyən edilib ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 26-1.1-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, elmi təşkilat isə Azərbaycan Milli Elmlər Akademiyasıdır.