Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prezidentin həkimlərə ayırdığı vəsait niyə verilmir? - RƏSMİ AÇIQLAMA

  • 2020.04.28 14:39
  • 18896 Baxış
Prezidentin həkimlərə ayırdığı vəsait niyə verilmir?  - RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyev mart ayında yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda bildirilirdi ki, COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən ediləcək.

Artıq aprel ayının sonu çatsa da, tibb işçiləri hələ də sözügedən əlavə ödəməni almayıblar. Bu barədə medicina.az saytına bir neçə tibb müəssisəsindən müraciət edən tibb işçiləri məlumat veriblər.


Şikayətlərin çoxluğunu və tibb işçilərinin narahatlığını nəzərə alıb məsələyə aydınlıq gətirməyə çalışdıq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Medicina.az-a bildirdi ki, sərəncamda nəzərdə tutulmuş əlavə ödənişlərin verilməsi prosesinə hələ başlanılmayıb:



“Bildiyiniz kimi, əlavə ödənişlər bütün tibb işçilərinə deyil, acaq koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərə şamil edilib. Buna görə də tibb müəssisələrinə məlumat vermişik ki, həmin tibb işçilərinin siyahısı hazırlansın və bizə göndərilsin. Siyahılar bizim əlimizdə tam hazır olandan sonra hesablamalar aparılacaq və ödənişlər ediləcək. Hazırda tibb müəssisələrindən siyahıların əldə edilməsi mərhələsindəyik. Hələ ki, həmin siyahlar bizə tam göndərilməyib, ona görə də ödənişlərin verilməsi yubanır. Ehtimal ki, may ayında həmin tibb işçiləri həm mart, həm də aprel ayı üçün nəzərdə tutulmuş ödəmələri ala biləcəklər”.

A.Əhmədova onu da vurğuladı ki, ödəmələr verilməyə başlayanda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Medicina.az