Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.
"Medicina" xəbər verir ki, Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq. 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb.
Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.
Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Qeyd edək ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.